180 yaşlı Culfa Gömrük İdarəsi
26-Dekabr-2009 507
180 yaşlı Culfa Gömrük İdarəsi
 
Qədim Naxçıvan diyarının əlverişli coğrafi mövqedə - Şərqlə Qərbin qovşağında yerləşməsi tarixən bu diyarın bölgə üçün mühüm əhəmiyyət kəsb etməsini şərtləndirmişdir. Bu qədim yurdun sosial-iqtisadi inkişafında Araz çayı sahilində yerləşən Culfa şəhərinin mühüm rolu olmuşdur.
Vaxtilə bu şəhər İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları üzərində yerləşdiyindən çox böyük iqtisadi və mədəni əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, Culfa şəhəri orta əsrlərdə dünya ipək ticarətinin birjalarından sayılırdı. Tarixi sənədlərdə göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri Venesiya, Marsel, Amsterdam kimi böyük Avropa sənaye və ticarət mərkəzləri ilə geniş ticarət əlaqələri qurmuşdular.
II Rusiya-İran müharibəsinin (1826-1828) hüquqi nəticəsi olan Türkmənçay sülh müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi və nətıcə etibarilə Culfanın sərhəd yaşayış məntəqəsinə çevrilməsi ilə bu şəhərin ticarət və mədəni əlaqələrində yeni dövr başlamışdır.
Türkmənçay sülh müqaviləsinə əsasən iki dövlətin sərhəddi Araz çayı müəyyən edildiyindən 1829-cu ildən Culfa şəhəri ərazisindən, Araz çayı üzərindəki gediş-gəliş körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilməyə başlanılmışdı. Bu gün də uğurla fəaliyyət göstərən Culfa Gömrük İdarəsinin əsası məhz həmin ildə qoyulmuşdur.
1831-ci il iyun ayının 3-də Rusiya Senatı tərəfindən qəbul edilmiş "Cənubi Qafqaz ölkəsində ticarət və gömrük işlərinin təşkili haqqında" Əsasnaməyə əsasən Azərbaycan ərazisi gömrük fəaliyyəti zonasına bölünmüşdür. Bununla da Mehridən İran sərhədinin qurtaracağına və Osmanlı İmperiyası ilə sərhəd olan Ağrı dağına qədər olan məntəqələr (Naxçıvan gömrükxanası, Ordubad keçidi, Baş Noraşen keçidi, Nehrəm keçidi, Culfa gömrükxanası, Şahtaxtı keçidi) Naxçıvan gömrükxanasının ixtiyarına verilmişdir.
XIX əsrin əvvəllərində Qafqazda fəaliyyət göstərən bütün gömrük orqanları birbaşa imperiyanın paytaxtı Sankt-Peterburq şəhərində yerləşən Maliyyə Nazirliyinin Xarici Ticarət Departamentinə tabe olsalar da, 1828-ci ilin yanvarından bütün Qafqazın sərhəd perimetrini əhatə edən Gürcüstan Gömrük İdarəsi yaradılmışdır. Üç il sonra, daha dəqiq desək, 1831-ci il iyun ayının 3-də "Zaqafqaziya ölkəsində ticarət və gömrük işlərinin təşkili haqqında" Əsasnamənin qəbulu ilə Gürcüstan Gömrük İdarəsi Zaqafqaziya Gömrük Dairəsi adlandırılmışdır. Həmin ilin sentyabr ayının 1-dən isə Xarici Ticarət Departamentinin əmri ilə Azərbaycan ərazisində fəaliyyət göstərən gömrük orqanları, o cümlədən Culfa gömrükxanası Zaqafqaziya Gömrük Dairəsinin tabeçiliyinə verilmişdir.
Bu gömrükxana Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də fəaliyyətini davam etdirmiş, Naxçıvanın İranla iqtisadi-mədəni əlaqələrində müstəsna əhəmiyyət kəsb etmişdir.
180 yaşlı Culfa sərhəd keçid məntəqəsi əsl inkişaf dövrünü isə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin öncüllüyü ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşamışdır. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan üçün, xüsusən də odlar yurdunun qədim parçası olan Naxçıvan üçün son dərəcə ağır və məşəqqətli dövr kimi tarixə düşmüşdür. Mənfur Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşən, təcavüzə məruz qalan, sosial-iqtisadi böhran keçirən, elektrik və qaz xətləri, nəqliyyat-kommunikasiya əlaqələri kəsilən, qısacası məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu qədim yurd yerinin xilası ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur.
O dövrdə muxtar respublika əhalisinin ərzaq və gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi, eləcə də insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Culfa rayonu ərazisində Azərbaycan-İran müştərək bazarının açılması müstəsna əhəmiyyət kəsb etmişdir. İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ilə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərlərini birləşdirən körpünün hər iki tərəfini əhatə edən bu müştərək bazarın açılması barədə protokol 1993-cü il avqust ayının 6-da Mərənd şəhərində imzalanmış və muxtar respublika Nazirlər Kabinetinin 26 noyabr 1993-cü il tarixli qərarı ilə Azərbaycan-İran müştərək bazarının açılmasına icazə verilmişdir. Sonrakı mərhələdə "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqələrində sərhədyanı bazarların yaradılması və fəaliyyəti qaydaları haqqında" qərarın tələblərinə əsasən Culfa sərhəd keçid məntəqəsində də bu tip ticarət obyekti yaradılmış və fəaliyyəti təmin edilmişdir. Məntəqənin xidmətindən istifadə edən vətəndaşların sayının çoxalması, bu gömrük orqanının muxtar respublikanın sosial-iqtisadi inkişafındakı rolu nəzərə alınaraq 28 sentyabr 1996-cı ildə imzalanmış ikitərəfli protokola əsasən gündələk iş rejimi artırılaraq 12 saata çatdırılmışdır.
Son illərdə muxtar respublika gömrük sisteminin yenidən qurulması və maddi- texniki bazanın möhkəmləndirilməsi tədbirlərindən Culfa Gömrük İdarəsinə də böyük pay düşmüşdür. Bu sərhəd keçid məntəqəsinin iş rejimi 24 saata çatdırılmış, 2007-ci ilin yanvar ayında burada yeni kompleks istifadəyə verilmişdir.
Yeni infrastruktur bir hissəsi inzibati bina olmaqla, sərnişinlərin və onların əl yüklərinin hərəkətini tənzimləyən giriş və çıxış zallarından, kommersiya məqsədi daşıyan yüklərə və avtonəqliyyat vasitələrinə gömrük nəzarəti və rəsmiləşdirilməsini təmin edən yük xəttindən və digər yardımçı binalardan ibarət modern kompleks şəklində qurulmuşdur.
Burada müasir standartlara cavab verən yük xətti formalaşdırılmışdır. Yüklərin və avtonəqliyyat vasitələrinin texnoloji sxemə müvafiq olaraq gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin ardıcıl bir xətt üzrə həyata keçirilməsinə şərait yaradan infrastrukturun qurulması Azərbaycan gömrük tarixində həyata keçirilən yeniliklərdəndir. Culfa gömrük məntəqəsinin yük xətti gömrük nəzarətinin səmərəliliyinin artırılması, yoxlamaların keyfiyyətinin yüksəldilməsi baxımından iki - giriş və çıxış istiqamətlərinə bölünmüşdür. Yüklərin saxlancı üçün hazırlanmış anbarların "Rapiskan" tipli rentgen aparatı ilə təchiz olunması Azərbaycanın digər bölgələrinə istiqamətlənən yüklərə nəzarətin tam şəkildə həyata keçirilməsinə və digər gömrük rejimlərinin fəaliyyətinin təmin olunmasına şərait yaratmışdır. Yük avtomaşınları üçün müayinə zalının fəaliyyəti isə gömrük qaydalarının pozulmasına qarşı mübarizənin gücləndirilməsini və tam gömrük yoxlamasının həyata keçirilməsini təmin etmişdir.
Bu gömrük orqanlarında rəsmiləşdirilmə prosesi tamamilə avtomatlaşdırılmışdır. Gömrük nəzarətinin və rəsmiləşdirilməsinin avtomatlaşdırılmış sistemi olan GRNAS, sərhəddən keçən avtomaşınların qeydiyyatını və təyinatı üzrə hərəkətinə nəzarəti həyata keçirən "Çatdırma" və digər proqram təminatlarının tətbiqi gömrük işinin keyfiyyətini və səmərəliliyini artırmışdır. Ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 11 noyabr 2008-ci il tarixli fərmanının müvafiq müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə nail olunmuşdur. Sərhəd keçid məntəqəsi 2009-cu ildən öz fəaliyyətini yeni prinsipin norma və tələblərinə uyğun qurmuşdur.
Bir sözlə, bu il 180 illik yubileyini qeyd edən Culfa Gömrük İdarəsi özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Dövlətimizin hərtərəfli qayğısı bu sərhəd keçid məntəqəsinə yeni ruh, təzə nəfəs gətirir. Muxtar respublikanın xarici ticarət əlaqələrinin artması, İranla ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi baxımından uğurlu nəticələr əldə olunur. Culfa Gömrük İdarəsi həm də blokada vəziyyətində yaşayan Naxçıvanın Azərbaycanın əsas ərazi vahidinə açılan rəmzi qapısı hesab olunur. İran ərazisindən istifadə etməklə Naxçıvandan Azərbaycanın digər regionlarına və əks istiqamətdə yük və minik maşınları, avtobuslar hərəkət edir. Sərhəd keçid kompleksinin memarlıq üslübu, təmizliyi, abadlığı muxtar respublikamıza gələn qonaqlarda Naxçıvan haqqında xoş təəssüratlar oyadır.
 
Rahil TAHİRLİ,
Naxçıvan MR Dövlət
 Gömrük Komitəsinin
 əməkdaşı