Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında iştirak edir
20-Aprel-2017 262

Xəbər verdiyimiz kimi, Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Aprelin 20-də konfransın açılış mərasimində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Ruslan Davıdov və ÜGT-nin Avropa Regionu üzrə sədr müavini xanım Bettina Vogl-Lang iştirak ediblər.

Konfransda müzakirəyə çıxarılan ilk məsələ ÜGT-nin Avropa Regionunda "Tranzitlə bağlı gələcəyə baxış" adlı konsepsiya sənədi olub.

Bu sənədlə əlaqədar müzakirələrdən öncə Dünya Bankının Qlobal Proqram meneceri William Gainin "Ümumi iqtisadi mühit və gələcəyə çağırışlar" və ÜGT-nin Avropa Regionu üzrə sədr müavini xanım Bettina Vogl-Langın "Təşəbbüsün arxasında dayanan səbəblər" mövzusunda nitqləri dinlənilib.

Sonra konfrans çərçivəsində ilk dəfə olaraq panel iclaslar keçirilib. Bu iclaslarda "Tranzitlə bağlı gələcəyə baxış" konsepsiya sənədi müzakirə edilib.

Konfransın gedişində ÜGT-nin 2017-2018-ci illərdə Siyasi, Maliyyə və Audit komitələrində "Bergen sazişi"nə müvafiq olaraq təmsilçilik və ÜGT-nin funksiyalarına dair idarəçilik məsələlərinə baxılıb. Həmçinin Avstraliya nümayəndə heyətinin "İdarəetmə sənədi" ilə bağlı təqdimatı və sənədin müzakirələri keçirilib.

Daha sonra ÜGT-nin Avropa Regionu üzvləri olan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə təşkilatın Baş katibi və Baş katibin müavini vəzifələri, eləcə də Gömrük Əməkdaşlıq Şurası Konvensiyasına qoşulmaya dair siyasi məsələlərə baxılıb.

Xatırladaq ki, aprelin 21-də konfrans öz işini yekunlaşdıracaq.

(Konfrans barədə ətraflı məlumat veriləcək)

DGK Mətbuat Xidməti