Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Smiths Detection" şirkətinin nümayəndə heyətinin rəhbəri ilə görüşüb
08-İyun-2017 359

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev "Smiths Detection" şirkətinin nümayəndə heyətinin rəhbəri Tim Norton ilə görüş keçirib.

Görüşdə DGK sədri gömrük nəzarətinin təşkili sahəsində son illərdə əldə olunan uğurlardan bəhs edərək Azərbaycanın bütün sərhəd-gömrük keçid məntəqələrində "Smiths Detection" şirkətinin istehsalı olan avadanlıqların quraşdırıldığını və gömrük nəzarəti zamanı uğurla tətbiq edildiyini bildirib.

Bundan başqa, görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, "Smiths Detection" şirkətinin ölkəmizdə tətbiq edilən avadanlıqlarına texniki xidmətin göstərilməsi və gömrük əməkdaşlarına təlimlərin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

DGK Mətbuat Xidməti