Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib
12-İyun-2017 438

İyunun 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycana səfərə gələn Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriyi səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyeviki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyən Komitə sədri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri A.Əliyev bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və özbək həmkarının Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriy Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. İki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

M. Toxiriyqeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Görüş başa çatdıqdan sonra isə Özbəkistan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələrlə tanış olublar.

DGK Mətbuat Xidməti