Kütləvi qırğın silahlarına qarşı mübarizə ilə bağlı təlim başlayıb
09-Oktyabr-2017 233

Oktyabrın 9-da Bakı şəhərində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində "Kütləvi qırğın silahlarına qarşı mübarizə sahəsində təhqiqatlar" mövzusunda təlim başlayıb.

"Holiday Inn" otelində təşkil olunan təlim Azərbaycan Respublikasının gömrük, ədliyyə və prokurorluq orqanlarının əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirin açılış mərasimində ABŞ-ın Azərbaycan Respublikasındakı diplomatik missiyası rəhbərinin müavini vəzifəsini icra edən Karter Vilbör bildirib ki, layihə Azərbaycanda 1999-cu ildən icra olunur və indiyə qədər iki ölkə arasında kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanın bu sahədə ABŞ üçün etibarlı tərəfdaş olduğunu qeyd edən Karter Vilbör göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib və təlimin gedişində əldə edilən biliyin, təcrübə mübadiləsinin kütləvi qırğın silahlarının yayılmasına qarşı daha səmərəli mübarizə aparılmasına imkan yaradacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın bu təhlükələrlə qarşılaşdığını, ərazisinin bir hissəsinin işğala məruz qaldığını, minlərlə günahsız vətəndaşının terror qurbanına çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, gömrük xidməti, o cümlədən bu sahəyə cavabdeh olan digər dövlət təsisatlarının öz işini səmərəli və günün tələbləri səviyyəsində qurması, əməkdaşların peşə bilik və bacarıqlarının artırılması hesabına kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə edilib.

Şahin Bağırov vurğulayıb ki, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycan milli, regional və beynəlxalq səviyyədə baş verən bütün prosesləri yaxından izləyir və bu sahədəki mütərəqqi çağırışları daim dəstəkləyir. Bu istiqamətdə bir sıra ölkələrlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu da diqqətə çatdıran Komitə sədrinin müavini, xüsusilə ABŞ tərəfindən istər texniki avadanlıqlarla təminat, istərsə də əməkdaşların bilik və bacarıqlarının artırılmasına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində mühüm amillərdən birinin də faktın aşkarlanması ilə yanaşı, onun araşdırılması və təsdiqinin tapması olduğunu qeyd edən Şahin Bağırov, bu baxımdan, tədbirin mühüm əhəmiyyət daşıdığını söyləyib.

Təlim oktyabrın 13-də başa çatacaq.

Təlim müddətində ABŞ-ın Energetika, Ədliyyə və Daxili Təhlükəsizlik nazirlikləri və Milli Nüvə Təhlükəsizliyi Administrasiyası, Ukraynanın Nüvə Tədqiqatları üzrə İxraca Nəzarət Administrasiyasının mütəxəssisləri kütləvi qırğın silahlarının yayılma yolları, istintaqın aparılması metodları, prokurorluq orqanlarının üzləşdiyi problemlər, istintaq işlərinin təhlili, kütləvi qırğın silahları haqqında məlumat, beynəlxalq yardım və digər mövzularda gömrük, ədliyyə və prokurorluq orqanlarının nümayəndələrini məlumatlandıracaqlar.

DGK Mətbuat Xidməti