Ümümdünya Gömrük Təşkilatının 6-cı Texnologiya və İnnovasiya Forumu keçirilib
13-Noyabr-2017 229

Yaponiyanın paytaxtı Tokyo şəhərində Ümümdünya Gömrük Təşkilatının (ÜGT) 6-cı Texnologiya və İnnovasiya Forumu keçirilib. Tədbirdə təşkilata üzv ölkələrin müxtəlif dövlət qurumlarını, elmi-tədqiqat institutlarını, bir sıra beynəlxalq təşkilatları və özəl sektoru təmsil edən 500-ə yaxın nümayəndə iştirak edib. Azərbaycan Gömrük Xidməti forumda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və komitənin informasiya texnologiyaları üzrə əməkdaşı ilə təmsil olunub.

Yaponiya Maliyyə nazirinin müavini Makoto Nagamine qonaqları salamlayaraq forumun işində uğurlar arzulayıb.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Texnologiya və İnnovasiya Forumunun sərhəd idarəçiliyi və gömrük mühafizəsi sahəsində son nailiyyətlər və texnoloji yeniliklər barədə səmərəli fikir mübadiləsi aparmaq baxımından uğurlu platforma olduğunu qeyd edib.

Üç gün davam edən forumun əsas mövzusu risk analizinin çevikliyinin və əhatəliliyinin təmin olunması, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxtın minimuma endirilməsi, gömrük ekspertizasının daha sürətli şəkildə aparılması və nəticələrinin vahid sistemə inteqrasiyası kimi məsələlər olub.

Forum çərçivəsində aparılmış müzakirələrdə sərhəd idarəçiliyinin səmərəliliyinin artırılması üçün gömrük xidmətləri arasında məlumat mübadiləsinin əhəmiyyəti qeyd olunub. Mütəxəssislər modern sərhəd idarəçiliyi üçün nəzərdə tutulan Smart proqramlar haqqında məlumat verərək qeyd ediblər ki, bir pəncərə sistemi, biometrik keçid, riskin analizi və idarə oluması, səmərəli biznes mühitinin dəstəklənməsi dijital gömrük anlayışının əsas prioritetlərindəndir.

Forum, həmçinin, dünyanın 36 qabaqcıl şirkəti tərəfindən texnologiya və innovasiya sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi ilə də əlamətdar olub.