Ukrayna və Belarus gömrükçüləri DGK-nın strukturuna daxil olan bir sıra gömrük qurumlarının fəaliyyəti ilə tanış olublar
07-Fevral-2018 606

Azərbaycan gömrüyünün qabaqcıl təcrübəsini öyrənmək məqsədilə ölkəmizə gələn Ukrayna və Belarus Respublikasının gömrük xidmətlərinin nümayəndə heyətləri fevralın 7-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara idarənin iş prinsipi, əməkdaşların peşə hazırlığı barədə məlumat verilib, son illərdə ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatların ümumi işə faydasından bəhs olunub.

Daha sonra nümayəndə heyətləri Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzi ilə tanış olublar. Qonaqlara mərkəzin yaranma tarixi, məqsədi və fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, hazırda burada bir sıra beynəlxalq və regional əhəmiyyətli tədbirlər keçirilir, gömrük sahəsində ən son yeniliklər və tətbiqlər tədris olunur.

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə tanışlıq da nümayəndə heyətlərində xoş təəssürat yaradıb. Qonaqlara məlumat verilərək qeyd olunub ki, 4 il əvvəl yaradılmasına baxmayaraq Akademiya qısa zaman kəsiyində ölkənin mötəbər ali tədris ocaqlarından birinə çevrilib. Hüquq və İqtisadiyyat sahələri ilə yanaşı gömrük işinin təşkili sahəsində qabaqcıl elmi araşdırmaların və tətbiqlərin də tədris olunduğu DGKA bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə təmsil olunur və analoji tədbirlərə evsahibliyi edir.

Nümayəndə heyətlərinin son dayanacağı isə Kinoloji Mərkəz olub. Qonaqlara məlumat verilib ki, 2003-cü ildə istismara verilən və öz parametrlərinə, texniki və avadanlıq təchizatına görə regionda analoqu olmayan bu mərkəz də ÜGT-nin Regional Kinoloji Mərkəzi statusunu daşıyır. Burada yetişdirilən xidməti axtarış itləri bir sıra beynəlxalq yarışlarda uğurlar qazanıblar. O da bildirilib ki, mərkəzdə yetişdirilən və dünyanın 10-dan çox ökəsinin gömrük xidmətlərinə hədiyyə edilən xidməti axtarış itləri həmin ölkələrdə mühüm nəticələr əldə ediblər.

Qeyd edək ki, adıçəkilən ölkələrin gömrük xidmətlərinin nümayəndələri Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilən "Ukrayna və Belarus Respublikası sərhədindəki Novaya Quta- Novıye Yarıloviçi sərhəd keçid məntəqəsinin avtomatlaşdırılmış intellektual videomüşahidə sisteminin təşkil edilməsi" layihəsi çərçivəsində ölkəmizə səfər ediblər.

DGK Mətbuat Xidməti