Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələri kimi gömrük işi də inkişaf edir və daim təkmilləşir
12-Mart-2018 1090

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu və mütərəqqi siyasət nəticəsində bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub.

Aparılan genişmiqyaslı islahatlar, müasir tətbiqlər hesabına gömrük orqanları dinamik şəkildə inkişaf edərək nəinki ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayan quruma çevrilib.

Bu baxımdan, son 15 illik dövr ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində mütərəqqi islahatların aparılması, yüksək iqtisadi göstəricilərin əldə olunması ilə yanaşı, həm də qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşması, balanslaşdırılmış daxili və xarici siyasətin həyata keçirilməsilə yadda qalacaq.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq qısa zaman kəsiyində Azərbaycan Respublikası dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, ölkənin davamlı və dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atıb. Məhz ulu öndərin dərin zəkası və müdrikliyinin nəticəsi olaraq müstəqilliyinin ilk illərində bütün sahələrdə tənəzzül dövrünü yaşayan Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub və regionun lider dövlətinə çevrilib.

Bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili, beynəlxalq standartlara cavab verən müasir gömrük siyasətinin həyata keçirilməsi də ulu öndərin yüksək idarəçilik qabiliyyəti sayəsində mümkün olub. Məhz onun diqqət və qayğısı nəticəsində gömrük orqanlarında həyata keçirilən əsaslı islahatlar, peşəkar kadrların hazırlanması, müasir tələblərə cavab verən maddi-texniki bazanın təşkili ölkəmizin gömrük xidmətinin beynəlxalq arenada nüfuzlu yer tutmasına şərait yaradıb.

Möhkəm təməllər üzərində qurulan gömrük sistemi

Hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Etibarlı gömrük xidməti isə hər bir zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər biri Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissi ilə yanaşır və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşür.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın, eləcə də Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsində də məqsəd ölkədə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq və gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək olub.

"Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" dövlətin gömrük siyasətinin həyata keçirilməsində mühüm mərhələ olmaqla, 2007-2011-ci illərdə bu sahənin daha sürətlə inkişafı ilə bağlı əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyənləşdirib. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanıb və 2011-ci ilin iyununda Milli Məclisin iclasında üçüncü oxunuşda təsdiq edilib. Bundan başqa, Tədbirlər Planına əsasən, gömrük işi və ticarət sahəsində beynəlxalq konvensiyalara qoşulma üzrə təkliflər hazırlanıb, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturunun (XİF MN) şərhi işlənib, gömrük ödənişlərinin alınmasında kart sistemindən istifadəyə keçid təmin edilib və s. işlər görülüb.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrə edilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunub. Fərmana uyğun olaraq, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə edilib.

"Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə nail olunub. Bundan başqa, sahibkarlıq subyektləri tərəfindən tələblərə daha ciddi riayət edilir, sərhəd nəzarəti prosedurlarında şəffaflıq artırılır, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi təmin edilir. Yükdaşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də bu üstünlüklər sırasındadır.

"Bir pəncərə" prinsipinin tətbiqi sahibkarlıq subyektləri üçün resurslardan daha səmərəli istifadəyə, rəsmiləşdirmə müddətinin azaldılması nəticəsində yüklərin göndəriş və idxalına icazələrin alınması prosedurunun sürətlənməsinə, sərhəd-keçid prosedurları ilə bağlı tələblər haqqında məlumatlılığın və şəffaflığın artırılmasına, eləcə də ticarət əlaqələrinin genişlənməsinə və mal dövriyyəsi üçün daha əlverişli şəraitin yaradılmasına da imkan verir.

Gömrük-biznes əməkdaşlığı

Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bütün imkanlarını səfərbər edir, dövlətin çiçəklənməsi, əhalinin rifah halının yüksəldilməsi üçün əzmlə çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi iclaslarda, müşavirələrdə dəfələrlə xatırladır ki, hər bir dövlət məmuru, o cümlədən Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Məlumdur ki, dövlət başçısının tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. O cümlədən, Dövlət Gömrük Komitəsinin rəhbərliyi yerlərdə vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların müraciətini diqqətlə dinləyir və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verir. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə həll olunur.

Dövlət Gömrük Komitəsi ayrıca olaraq sahibkarlarla da görüşlər keçirir və bu görüşlər ənənə halını alıb. İşgüzar dairələrin nümayəndələri ilə davamlı görüşlər qarşıda duran məsələlərin müəyyən olunmasına və onların həlli yollarının axtarılmasına öz töhfəsini verir. Biznes nümayəndələrilə hər zaman açıq dialoqa hazır olan Dövlət Gömrük Komitəsinin rəhbərliyi təkcə ötən il ərzində Bakıda IV Beynəlxalq "Caspian Energy Forum"da, Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə, Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə, Alman-Azərbaycan biznes-forumunda və "Caspian European Club" və "Caspian American Club"ın üzvləri ilə görüşlər keçirib. Bundan başqa, DGK rəhbərliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən "İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda konfransda, rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin və iş adamlarının iştirakı ilə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbirdə iştirak edib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsinin yerli orqanları da yerlərdə iş adamları ilə vaxtaşırı görüşlər keçirir, bu görüşlərdə sahibkarları maraqlandıran məsələlər müzakirə edilir və onlara müvafiq qaydada kömək göstərilir. Ötən il Bakı Baş Gömrük İdarəsində, Yevlax, Xaçmaz, Zaqatala, Şirvan, Şəmkir və Astara şəhərlərində keçirilən görüşlərdə də məqsəd ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə dəstək vermək olub.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi aidiyyəti qurumların rəhbər şəxsləri ilə birlikdə yerlərə səfər edir, müvafiq iş görür.

Ötən il DGK rəhbərliyi Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində, eləcə də Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanında mövcud vəziyyətlə tanış olub. Burada sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Ümumiyyətlə, Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, iş adamları ilə görüşlərdə ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir.

Onu da xatırladım ki, Prezident İlham Əliyevin iştirakıyla "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla keçirilən görüşlərdə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi iştirak edib. Bu il yanvarın 29-da Heydər Əliyev Mərkəzində təşkil edilən həmin görüşdə Komitə rəhbərliyi bir daha sahibkarları düşündürən məsələləri öyrənib, verilən sualları ətraflı cavablandırıb.

Sahibkarlar üçün yaradılan münbit şərait

Məlum olduğu kimi, dünyada baş verən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirmək, milli iqtisadiyyatı qorumaq məqsədilə dövlət tərəfindən mühüm addımlar atılır.

Prezident İlham Əliyevin bu məqsədlə dövlət və özəl sektor qarşısında qoyduğu mühüm vəzifələr - qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artırılması, ixrac potensialının gücləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin olunması kimi məsələlərin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

Dövlət Gömrük Komitəsi də görülən işlərə öz töhfəsini vermək üçün bütün səylərini ortaya qoymaqdadır. Ölkəmizdə tranzit yüklər sığorta və gömrük sahəsində müəyyən xidmətlərin ödənişindən azad olunub. Bu isə Azərbaycanın bir tranzit ölkəsi olaraq inkişaf etməsinə təkan verəcək.

"Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 20 fevral 2017-ci il tarixli sərəncamının müddəalarına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən mühüm işlər görülüb.

İlk növbədə, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilib, gömrük nəzarəti zonalarında vətəndaşlar üçün sürətli keçidə şərait yaradan "yaşıl dəhliz" mexanizminin səmərəliliyi daha da artırılıb, həmin yerlərdə zəruri istiqamətverici işarələnmələr aparılıb və bu növ texnologiyalardan ölkə ərazisini tərketmə zamanında da istifadə edilməsi nəzərdə tutulub.

Həmçinin, gömrük-sərhəd buraxılış məntəqələrində bəyanetmə prosesinin sürətləndirilməsi məqsədilə elektron bəyanetmə və istismarda olan "Gömrük" köşklərindən istifadə edilməsi işi daha da genişləndirilib, gömrük qaydaları haqqında məlumatlar elektron və yazılı formada lövhələrdə yerləşdirilib, vətəndaşların maarifləndirilməsi üçün mövcud qanunvericilik aktlarından çıxarışları özündə əks etdirən "Gömrük məlumat kitabçası" (səyahətçilər üçün) hazırlanıb, həmin kitabçalar Dövlət Gömrük Komitəsinin internet səhifəsində Azərbaycan, ingilis və ərəb dillərində yerləşdirilib.

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrində iş saatları artırılıb və keçid məntəqələrinin iş rejiminin 24 saata qədər artırılması ilə bağlı aidiyyəti işlər həyata keçirilir.

Eyni zamanda, xarici dövlətlərdə daimi qeydiyyatda olan yüngül avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının), habelə motosikllərin əcnəbilər, o cümlədən Azərbaycan Respublikasına səfər edən turistlər tərəfindən müvafiq təsdiqedici sənədlə 90 gün müddətinədək gömrük orqanının depozit hesabına pul vəsaiti qoyulmadan gömrük ərazisinə müvəqqəti gətirilməsinə icazə verilir.

Gömrük xidməti yeni çağırışlara uyğun olaraq daim dəyişir

Ümumiyyətlə, son zamanlar iqtisadiyyat sahəsində aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində ölkəmizin gömrük xidməti qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir.

Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyası ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəlib və bu istiqamətdə köklü islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 4 mart 2016-cı il tarixli sərəncamı Azərbaycan gömrük orqanlarına gömrük bəyannamələrini elektron formada qəbul edərək vətəndaş-məmur təmasını minimum səviyyəyə endirməyə imkan yaradıb.

Məlumdur ki, 2016-cı il may ayının 4-dən ölkənin gömrük sərhədindən keçirilən bütün mal və nəqliyyat vasitələri üçün elektron bəyannamə tətbiq edilir. Gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana bilirlər. İdxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan, müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə, gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandırırlar.

"Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqi sayəsində idxal-ixrac əməliyyatları sadələşdirilib, bu da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasınının sürətləndirilməsində mühüm rol oynayır. Biznes nümayəndələri artıq "Azexport" portalı və "Asan xidmət" vasitəsilə də gömrük xidmətlərindən yararlanır, eləcə də hazırda 25 xarici iqtisadi fəaliyyət iştirakçısı "yaşıl dəhliz" buraxılış sistemindən istifadə edir.

Onu da xatırladım ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı il iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad olunub.

Ümumdünya Gömrük Təşkilatının metodologiyası əsasında Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan "Gömrük-sərhəd keçid məntəqələrində sərhədkeçmə vaxtının ölçülməsi" layihəsi də yükdaşımaların sürətləndirilməsində mühüm rol oynayır.

Fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların bəyanetmə prosedurları da sadələşdirilib. Dövlət Gömrük Komitəsi fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə" elektron xidmətini e-hökumət portalına inteqrasiya edib. Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən "onlayn" qaydada Dövlət Gömrük Komitəsinin internet saytı, ya da e-hökumət portalı vasitəsilə gömrük orqanlarına təqdim edə bilirlər.

Vətəndaşların sərhəddən keçidini daha asan etmək məqsədilə bütün sərhəd buraxılış məntəqələrində "Gömrük" köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldura bilir, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarətilə bağlı qaydalarla tanış olurlar.

Tətbiq olunan yeni xidmət vətəndaş-məmur təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın, həmçinin gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edir. Onu da qeyd edim ki, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd-gömrük keçid məntəqələrində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilib.

İnkişafı zəruri edən amillər

Bu gün gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində iş aparılır. Bu işdə xüsusilə üç amilə diqqət yetirilir: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bunların hər biri inkişafı zəruri edən amillərdir. Bu sahədə uğurlarımız var və daha böyük uğurlar üçün səy göstəririk.

Qeyd etdiyim kimi, Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.

Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü seçilib, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini olub. 2017-ci ildə isə Azərbaycan Gömrük Xidməti yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Maliyyə Komitəsi Ümumdünya Gömrük Təşkilatının əsas institutlarından biri olmaqla ÜGT-nin Siyasi Komissiyasına, həmçinin ali qurumu olan ÜGT Şurasına büdcə və maliyyə məsələləri üzrə məsləhətlər verir. Komitənin əsas vəzifəsi təşkilatın resurslarından necə istifadə edildiyinə nəzarət etmək və növbəti maliyyə ili üzrə büdcə təklifləri ilə birlikdə hesabatını ÜGT Şurasına təqdim etməkdir.

Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də fəaliyyət göstərir.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Azərbaycana bir neçə dəfə səfər etməsi, Azərbaycan Prezidenti tərəfindən qəbulu həm Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, həm də dövlət başçısının bu sahəyə xüsusi diqqət göstərməsinə bariz nümunədir.

Azərbaycan gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edir. İndiyədək Azərbaycanda saxta dərmanlar və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfranslar, İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair beynəlxalq forumlar, "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda ilk qlobal konfrans, Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı") konfransı və s. tədbirlər keçirilib. Aidiyyəti beynəlxalq təşkilatların yaxından iştirakı və dəstəyi ilə keçirilən bu tədbirlər həm gömrük əməkdaşlığının artırılması, həm də kadrların peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayır.

Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli sərəncamı ilə təsis edilən və 2014-cü ilin sentyabrında fəaliyyətə başlayan Gömrük Akademiyası bu sahədə görülən ən mühüm tədbirlərdən biridir. Gömrük Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiya Dövlət Gömrük Komitəsi üçün ali təhsilli kadrlar hazırlayır, eləcə də gömrük orqanları işçilərinin əlavə təhsilini və Komitənin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.

Bununla yanaşı, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki təlim-tədris mərkəzləri, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin regional ofisi də peşəkar kadrların hazırlanmasında xüsusi rol oynayır.

Gömrük əməkdaşlığının daha da gücləndirilməsi və potensialın artırılmasında mühüm addımlardan biri də artıq ölkəmizdə ənənəyə çevrilməkdə olan beynəlxalq tələbə konfranslarıdır. Gömrük mövzusunda təşkil olunan ilk belə konfrans 2016-cı ilin iyun-iyul aylarında Qəbələ şəhərində, ikincisi isə 2017-ci ilin iyulunda Qusar şəhərində keçirilib. Bu konfranslara gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyada tanınan gömrük mütəxəssisləri qatılır. Tələbə konfranslarında Nobel mükafatçılarının iştirakı və məruzə söyləmələri isə xüsusi maraqla qarşılanır.

Bundan başqa, bu il Azərbaycan gömrüklə əlaqəli daha iki beynəlxalq tədbirə - Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleya və Konfransına, Mingəçevir şəhərində isə "Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində "əşyaların interneti" və "böyük həcmli verilənlərin təhlili" mövzusunda ənənəvi konfransa ev sahibliyi edəcək.

Azərbaycan gömrüyünün mütərəqqi təcrübəsi dünya ölkələrinin marağında

Bu gün bir sıra ölkələr Azərbaycan Gömrük Xidmətinin təcrübəsini də öyrənir, bu istiqamətdə əməkdaşlıq əlaqələrini davam etdirir. Ukrayna, Belarus, Qırğızıstan, Özbəkistan, Əfqanıstan və digər ölkələrin gömrük xidmətlərinin nümayəndə heyətləri Azərbaycana səfər edərək, əsasən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, həmçinin "bir pəncərə" prinsipi və "yaşıl dəhliz" buraxılış sistemi, qaçaqmalçılıq hallarına qarşı mübarizə sahəsində Azərbaycan tərəfinin təcrübəsindən yararlanırlar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük işinin müasirləşdirilməsi, eləcə də narkotiklərlə mübarizə sahəsində göstərdiyi səylər və qazandığı nailiyyətlər Ümumdünya Gömrük Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Gömrük Xidmətinə yüksək diqqət və qayğı

Bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bu cür gömrük-sərhəd buraxılış məntəqələri Cənubi Qafqaz regionunda yalnız Azərbaycandadır. Bunlardan Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə", Balakən Gömrük İdarəsinin "Mazımçay", Xaçmaz Gömrük İdarəsinin "Samur", Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" və Astara Gömrük İdarəsinin gömrük-sərhəd keçid məntəqələrinin rəsmi açılış mərasimləri şəxsən Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələri, eləcə də "Hədəf" Mərkəzi fəaliyyət göstərir.

Ölkəmizdə modern gömrük xidmətinin formalaşdırılması sahəsində əldə olunan nailiyyətlər həmişə layiqincə dəyərləndirilir. Dövlət başçısı tərəfindən ardıcıllıqla reallaşdırılan sosial-müdafiə tədbirlərilə yanaşı, xidmətdə fərqlənən gömrük əməkdaşlarının dəfələrlə müxtəlif orden və medallara, ali xüsusi rütbələrə və digər təltiflərə layiq görülməsi, eləcə də bu günlərdə dövlət başçısının10 mart 2018-ci il tarixli sərəncamına əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması bütövlükdə Azərbaycan Gömrük Xidmətinə yüksək diqqət və qayğının əyani göstəricisidir.

Bakıda fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı da ölkəmizdə ən müasir sağlamlıq ocaqlarından biridir. Bu hospital Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə ehtiyaclarının ödənilməsi və tibbi təminatının yaxşılaşdırılması məqsədilə inşa edilib. Onu da xatırladım ki, hospitalın 2008-ci ilin sonunda baş tutan rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

Gömrük orqanları qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək

Beləliklə, Azərbaycan Respublikasında gömrük işinin təkamülü bir neçə vacib istiqamət üzərində qurulub və bu gün də inkişaf etdirilməkdədir.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin gələcək inkişafının qarantı Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizin digər sahələrilə yanaşı, gömrük sistemi də ildən-ilə uğurla addımlamaqda davam edir. Gömrük xidməti sürətlə inkişaf edir, beynəlxalq tələblərə cavab verən infrastruktur yaranır, gömrük xidməti modern texniki avadanlıqlarla təchiz olunur, habelə gömrük əməkdaşlarının sosial-iqtisadi vəziyyətlərinin durmadan yaxşılaşdırılmasına böyük diqqət yetirilir.

Belə olduğu təqdirdə, gömrük işi ölkədə və dünyada gedən ictimai-siyasi, sosial-iqtisadi proseslərdən heç cür geridə qala bilməz. Buna görə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən fiziki və mənəvi cəhətdən sağlam, gənc kadr ordusunun yaradılması bu gün diqqət mərkəzindədir. Son dövrlər gömrük orqanlarına işə qəbul zamanı şəffaflıq prinsipinə söykənən yeni test üsulundan istifadə edilir ki, bu da məsələyə necə önəm verilməsinə bariz bir nümunədir.

Dövlət Gömrük Komitəsinin və onun yerli orqanlarının şəxsi heyəti Heydər Əliyev siyasi kursuna sadiq qalaraq qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızın suverenliyinin və təhlükəsizliyinin qorunması, iqtisadiyyatımızın dünya təsərrüfatı ilə inteqrasiyasının təmin olunması üçün bütün imkanlarını səfərbər edəcəklər.

Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-polkovniki