Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi ELAN
11-İyul-2018 1679

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsi 22 iyul - Milli Mətbuat Gününə həsr olunur.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər - 1000 manat

II yer – 1 nəfər - 800 manat

III yer – 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat 10 nəfər - 100 manat

 

Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır:

 

  1. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişafı və perspektivləri;
  2. Azərbaycan Respublikasının gömrük qanunvericiliyi, müasir tələblər və çağırışlar;
  3. Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət, gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən işlər;
  4. Gömrük nəzarətinin təşkili, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları və əhəmiyyəti;
  5. Elektron gömrük, Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası;
  6. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər, gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri;
  7. Gömrük-Biznes əməkdaşlığı;
  8. Azərbaycan Gömrüyü beynəlxalq gömrük ailəsinin etibarlı tərəfdaşı kimi.

Qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi.

Müsabiqədə iştirak üçün şərtlər:

  1. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər;
  2. Müsabiqəyə təqdim olunan yazı 11 min işarədən artıq olmamalıdır;
  3. Müsabiqəyə təqdim olunmuş yazıda (KİV-də çap olunmuş, yayımlanmış mətndə) "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur" qeydi yer almalıdır;
  4. Müsabiqəyə 22 iyun 2018-ci il tarixindən 17 iyul 2018-ci il tarixinədək qəzet, jurnal, informasiya agentliklərində və elektron media resurslarında yayımlanmış yazılar buraxılır;
  5. Konkret kütləvi informasiya vasitəsində çalışmayan şəxslərin müsabiqəyə yazı təqdim etməsi yolverilməzdir.

Yazıların təqdim edilməsi:

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.

Müsabiqəyə təqdim olunmalıdır:

1. Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2. Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış);

3. Yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu və mobil telefon nömrələri;

4. Müsabiqə üçün verilmiş yazının dərc edildiyi qəzet və jurnalın 1 nüsxəsi;

5. Yazı diskdə "Word" faylında (müəllifin adı göstərilməməklə, "Times New Roman" şriftində) təqdim edilməlidir. Yazı elektron media resursunda yayımlanıbsa, "link" diskə əlavə olunmalıdır;

6. Materialın yazılı formada A4 formatlı kağız vərəqində 1 nüsxəsi (müəllifin adı göstərilməməklə);

7. Təqdimat zamanı müsabiqə şərtlərindən hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul olunmayacaq.

Qeyd: Müsabiqəyə yazılar ms.musabiqe@gmail.com elektron ünvanına da göndərilə bilər. Bu zaman təqdimata yazı ("Word" faylında, imzasız), qəzet, jurnal nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında), elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link", həmçinin müəllifin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında), əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə mükafatçılarının adları 22 iyul - Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.