Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
07-Avqust-2018 429

Bu gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2018-ci il tarixli 344 nömrəli qərarı şərh edilərək, bu qərarın ölkədə qiymət artımına səbəb olacağı barədə əsassız fikirlər səsləndirilib.

Dövlət Gömrük Komitəsi ilk olaraq bildirir ki, söhbət gömrük rüsumlarından deyil, gömrük yığımlarından gedir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2018-ci il tarixli 344 nömrəli qərarı 30 gündən sonra qüvvəyə minəcək.

Belə ki, bu qaydalara əsasən gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımlarının tərkib hissəsi olan malların gömrük rəsmiləşdirilməsinə və müşayiətinə görə gömrük yığımlarında bəzi dəyişikliklər edilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınmışdır.

Belə ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olmuşdur. Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir. Eyni zamanda, 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artmışdır. Xatırladaq ki, 2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olmuşdur. Belə olan halda bu dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz.

DGK Mətbuat Xidməti