Gömrükçülərimiz Ermənistan komandasını darmadağınla məğlub edib
12-Sentyabr-2018 321

Belarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

Qollardan ikisini Vüsal İsayev vurub. Kamil Hacıyev və Orxan Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib.

Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub.

Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir.

Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi