Mobil telefonlar və aksesuarları aşkar edilib
08-Oktyabr-2018 275

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Optima" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda, arxa oturacağın arxa hissəsində, sol yan örtüyün altında xüsusi düzəldilmiş gizli saxlanc yerində qutusu və aksesuarları ilə birlikdə 7 ədəd "Mİ A2 Lite" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi