Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilir
17-May-2019 583

Mayın 17-də "Park BulvarAVM-də Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi" devizi altında üçgünlük tədbir başlayıb.

Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin 12 muzeyi sırasında Azərbaycan Gömrük Tarixi Muzeyi də təmsil olunub.

2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Gömrük Tarixi Muzeyinin rəngarəng, cəlbedici stendi tədbir iştirakçıları və qonaqların marağına səbəb olub. Ziyarətçilərə qədim geyim formaları və beynəlxalq sərgilər barədə məlumat verilib, kataloq və broşürlər təqdim edilib. Tədbirdə həmçinin Azərbaycan Gömrük Tarixi Muzeyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi açılış mərasimində bildirilib ki, ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis olunan Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də müəyyən bir deviz altında qeyd olunur.

Mayın 19-dək davam edəcək tədbir çərçivəsində rəssamlıq və toxuculuq üzrə ustad dərsləri veriləcək, interaktiv təhsil proqramları, tamaşalar, pantomime və klassik musiqi əsərlərindən ibarət konsert proqramları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Gömrük Tarixi Muzeyi 2013-cü ildən Beynəlxalq Muzeylər Şurasının tamhüquqlu üzvüdür.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi