DGK-nin komandası və "Könüllü gömrükçü" dəstəsinin üzvləri "DOST kuboku" uğrunda mübarizə aparıblar
10-Sentyabr-2019 323

Sentyabrın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin təşkilatçılığı ilə ilk "DOST" mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş "DOST kuboku" adlı turnir keçirilib.

Turnirdə Dövlət Gömrük Komitəsini 2 qrup təmsil edib. Dövlət Gömrük Komitəsinin komandası və Komitənin"Könüllü gömrükçü" dəstəsinin üzvləri turnir çərçivəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Turnirin açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu ilin mayında fəaliyyətə başlayan ilk "DOST" mərkəzində bugünədək 30 mindən çox müraciət qeydə alınıb və vətəndaş məmnunluğu 96 faizdən çoxdur. Nazir müavini qeyd edib ki, "DOST" mərkəzində əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 126 növ xidmət göstəriləcək. Bu il sosial sahədə inqilabi addımların atıldığını bildirən Anar Əliyev gələcəkdə Bakıda və ölkəmizin regionlarında 31 "DOST" mərkəzinin yaradılacağını da diqqətə çatdırıb.

Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev isə bildirib ki, ölkə başçısının rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar nəticəsində əhalinin sosial rifah halı daha da yaxşılaşır, həmçinin həssas qruplara göstərilən diqqət və qayğının artırılması istiqamətində mühüm addımlar atılır. Vurğulanıb ki, "DOST" mərkəzləri əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir sosial layihədir.

Çıxış edənlər bu istiqamətdə təşkil olunan turnirlərin müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, əməkdaşların intellektual bacarıqlarının, gənclərin fəallığının artırılmasına xidmət etdiyini qeyd edərək, iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra turnirin qaydaları izah olunub və komandalar arasında yarış başlayıb. 50-yə yaxın komandanıntəmsil olunduğu turnir 3 mərhələdəkeçib. İştirakçılara 45 sual verilib, onlar I, II, III yer uğrunda mübarizə aparıblar.

Təcrübəli münsiflər heyəti tərəfindən müəyyənləşən qalib komandalara diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "DOST kuboku" uğrunda keçirilən turnirin iştirakçıları müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının nümayəndələrindən, həmçinin təqaüdçülər və əlilliyi olan şəxslərdən ibarət komandalar olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi