IX Beynəlxalq "Caspian Energy Forum - 2019" keçirilib
19-Sentyabr-2019 383

Sentyabrın 19-da Bakıda IX Beynəlxalq "Caspian Energy Forum - 2019" keçirilib.

"Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illik yubileyinə və "Caspian Energy" jurnalının 20 illiyinə həsr olunduğunu deyib. "Caspian European Club" barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5000-dən çox şirkətlə əməkdaşlıq edir.

Üç sessiyadan ibarət olan forumun birinci sessiyasında Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunub. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulub, Azərbaycanda investisiyalaşma imkanlarından, kiçik və orta biznesin inkişafından ətraflı danışılıb. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat verilib.

Forumun ikinci sessiyasında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet hədəflər çərçivəsində son illərdə gömrük xidmətinin bir çox ilklərə, uğurlara imza atdığını, gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması istiqamətində mütəmadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Gömrük sistemində elektron xidmətlərin inkişafının daim diqqət mərkəzində olduğunu bildirən İsmayıl Hüseynov bu gün gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırıldığını, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğunu vurğulayıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini bildirib ki, ən böyük uğurlardan biri də ötən ilin sonunda "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın tətbiqi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan mühim Fərman olub.

"Yaşıl dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizimlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamlarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

İsmayıl Hüseynov qeyd edib ki, qısa müddət ərzində tətbiqinə baxmayaraq, 8 ayın nəticələrinə əsasən "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi ilə bağlı 600-dən çox müraciət edilib və 450 xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququ verilib. "Yaşıl dəhliz" iştirakçılarının idxalda ümumi payı 22,45%, ixracda isə 30%-ə təşkil edib. Bu çox böyük göstəricilərdir.

İsmayıl Hüseynov çıxışında gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlərdən də danışıb və qeyd edib ki, gömrük təmsilçiliyi institunun təkmilləşdirilməsi və ixtisas attestatlarının verilməsində əsas məqsəd şəffaflığın artırılması, gömrük qanunvericiliyinə düzgün riayət qaydalarının formalaşdırılması, gömrük rəsmiləşdirilməsi və əməliyyatların sürətli şəkildə həyata keçirilməsi, bu sahədə özəl sektora dəstəyin təmin olunmasından ibarətdir.

Komitə sədrinin birinci müavini onu da vurğulayıb ki, tranzit prosedurlarının elektronlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də Avropa Yeni Kömpüterləşdirilmiş Tranzit Sistemi (NCTS) layihəsidir ki, bu da tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, Vahid İnzibati Sənədləşdirmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaradacaqdır. Bu sistemin tətbiqi həmçinin, ixracın təşviqi istiqamətində Azərbaycan Respublikasında istifadə olunan, "Made in Azerbaijan" brend malların NCTS üzvü olan Avropada yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması prosesində olduqca əlverişli şərait təmin edəcəkdir.

Gömrük orqanları tərəfindən yaxın zamanlarda həyata keçiriləcək layihələrdən də bəhs edən Komitə sədrinin birinci müavini "Elektron növbə" sisteminin tezliklə tətbiqinə başlanılacağını diqqətə çatdırıb və bildirib ki, "elektron növbə"nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir.

İsmayıl Hüseynov qeyd edib ki, vergi-gömrük iş birliyi nəticəsində şəffaflığın artırılması, düzgün uçotun qurulması sahəsində atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Son 8 ayın nəticələrinə görə artıq gömrük xidməti qarşıda qoyulan büdcə öhdəliyini, plan-proqnoz tapşırığını 115% yerinə yetirərək 400 milyona yaxın- daha dəqiq desək 382 milyon dövlət büdcəsinə artıq vəsait köçürülməsini təmin etmişdir. Görülən bütün işlərin hamısı düzgün uçotun, şəffaf sistemin qurulmasının nəticəsidir.

Sonda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov iştirakçılara təşəkkür edərək, forumun işinə uğurlar arzulayıb.

Xatırladaq ki, forumda dünyanın 50 ölkəsindən nümayəndələr iştirak edib. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri də olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi