BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü sessiyası
09-Aprel-2011 870

Sessiya çərçivəsində “Narkotiklərə yox deyək” adlı sərgi təşkil edilmişdir

Martın 21-dən 25-dək Avstriya Respublikasının Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr  üzrə Komissiyasının 54-cü sessiyası keçirilmişdir.

Sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Xarici İşlər Nazirliyinin, Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət Azərbaycan  nümayəndə heyəti iştirak etmişdir.

Sessiyanı giriş sözü ilə Narkotik Vasitələr üzrə Komissiyanın sədri, xanım Veronika Kuçinova Smiqolova açmış, sonra BMT-nin Baş Katibinin müavini, təşkilatın Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov geniş nitq söyləmişdir. Öz çıxışında narkotiklərin qanunsuz ticarət dövriyyəsinin artıq çox təhlükəli bir həddə çatdığını vurğulayan Y.Fedotov dünya iqtisadiyyatının otuzda bir hissəsi qədər vəsaitin narkotiklərin qanunsuz ticarət dövriyyəsinə sərf olunduğunu diqqətə çatdırmış, 2010-cu ildə bu vəsaitin 320 milyard dolları aşdığını, BMT-nin üzvü olan 152 dövlətdə belə ümumi daxili məhsulun bu səviyyəyə çatmadığını bildirmişdir. Y.Fedotov qeyd etmişdir ki, 1998-ci ildən 2010-cu ilə qədər tiryəkin istehsal həcmi 80 faiz, xaş-xaş toxumunun bu müddət ərzində Əfqanıstanda əkilərək istehsalı 40 dəfə artmışdır.

Sonra sessiyanın yüksək səviyyəli plenar iclasında İran İslam Respublikasının, Suriya Ərəb Respublikasının, Kolumbiyanın səfirləri, Macarıstanın Ekologiya və Təbii Resurslar naziri, İsveçin Uşaqlar və Sosial Məsələlər üzrə naziri, Rusiya Federasiyasının Narkotiklərə qarşı Mübarizə Xidmətinin rəhbəri, Perunun İnkişaf Xidmətinin rəhbəri, İndoneziyanın Sosial Müdafiə naziri və s. nümayəndələr narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müxtəlif məsələlərə dair çıxışlar etmişlər.

Sessiyanın açılış günündə Dövlət Gömrük Komitəsi tərəfindən Vyana Beynəlxalq Mərkəzinin əsas foyesində, “Ratunda” zalında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət “Narkotiklərə yox deyək” adlı sərgi təşkil edilmişdir. Sərginin açılış mərasimində BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktorunun müavini Fransis Martins, BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü sessiyasının iştirakçıları, BMT-nin digər təşkilatlarının nümayəndələri, yerli kütləvi informasiya vasitələri və eləcə də dəvət olunmuş qonaqlar iştirak etmişlər.

Mərasimdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizin uğurları, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan tədbirlər, bu sahədə əldə olunan nailiyyətlər, profilaktik işlər, narkotiklərdən istifadənin ağır nəticələri haqqında cəmiyyətin maarifləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri barədə məlumat vermiş, sərginin Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin iştirakı və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin dəstəyi ilə keçirilməsinə və yaradılmış imkanlara görə minnətdarlığını bildirmişdir.

Daha sonra sərgidə nümayiş olunan plakatlara, fotolara və incəsənət nümunələrinə  iştirakçılar tərəfindən baxış keçirilmişdir.

Komissiya işini gündəliyə əsasən normativ və operativ seqmentlər üzrə təşkil etmişdir.

Operativ seqment BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin narkotiklər üzrə proqramının direktiv göstərişləri və bu proqramın gücləndirilməsi, Narkotik Vasitələr  üzrə Komissiyasının narkotiklər üzrə proqramı ilə bağlı rəhbəredici orqan kimi rolu, inzibati və büdcə məsələləri, o cümlədən strateji idarəçilik məsələlərinin müzakirəsini əhatə etmişdir.

Qeyd olunan məsələlər üzrə BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov məruzə ilə çıxış edərək 2010-cu il ərzində qanunun aliliyi, narkotik vasitələrin dövriyyəsi üzrə nəzarət, profilaktika, müalicə, reinteqrasiya, elmi tədqiqatın tendensiyaları barədə məlumat vermişdir. Məruzənin əhatə etdiyi sahəvi məsələlər üzrə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən müvafiq çıxışlar edilmişdir.

Sessiyanın normativ seqmenti narkotiklərə nəzarət sahəsində beynəlxalq sazişlərin icrası məsələləri ilə bağlı olmuşdur. Bu hissədə narkotik vasitələr və psixotrop maddələrə nəzarət sferasında dəyişikliklər, həmçinin tibbi və elmi məqsədlər üçün narkotik vasitələr və psixotrop maddələrin mövcudluğunun  təmin edilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Daha sonra narkotiklərə nəzarət ilə bağlı beynəlxalq sazişlərdən irəli gələn digər məsələlər müzakirə edilmişdir. Narkotiklərə nəzarət üzrə Beynəlxalq Komitənin  2010-cu il üzrə məruzəsi dinlənilmişdir. İştirakçı dövlətlərin nümayəndələri də seqmentin əhatə etdiyi məsələlər üzrə çıxışlar etmişlər.

Sessiya çərçivəsində üç əsas mövzu üzrə dəyirmi masa təşkil edilmişdir. Mövzular narkotiklər üzrə mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq, BMT-nin müvafiq konvensiya və bəyannamələrinə uyğun olaraq narkotiklər üzrə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, ümumi  və birgə məsuliyyət prinsipinin tətbiqinin fəallaşdırılması, gənclərin addiktiv davranışı və narkotik sərxoşluq vəziyyətində nəqliyyat vasitələrinin idarə olunması kimi əsas səhiyyə və cəmiyyət təhlükələri problemlərinin nəzərdən keçirilməsi məsələlərini əhatə etmişdir.

Sessiya işinə gündəlikdəki növbəti məsələ - dünya narkotik probleminə qarşı kompleks və balanslaşdırılmış strategiyanın işlənib hazırlanması məqsədilə beynəlxalq əməkdaşlığın qurulması üzrə Fəaliyyət planı və Siyasi Bəyannamənin tətbiqi - başlığı altında davam etmişdir. Fəaliyyət planı və Siyasi Bəyannamə BMT-nin Baş Assamblyeyasının 64/182 saylı qətnaməsi ilə qəbul olunmuşdur. Qətnamə bu sənədlərdə qeyd olunan tədbirlərin tam həyata keçirilməsi üçün üzv dövlətləri zəruri addımlar atmağa çağırır.

Sonra növbəti gündəlik məsələləri olan - dünyada narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki durum və Komissiyanın yardımçı orqanlarının qətnamələrinin vəziyyəti - başlığı altında keçirilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi sahəsində tendensiyalar, istifadə olunan metodlar və marşrutlar barədə müzakirələr keçirilmiş, eləcə də sessiyanın sonunda müxtəlif ölkələr tərəfindən hazırlanmış qətnamə layihələrinə baxılmış və razılaşdırma prosedurları aparılmışdır.

Sessiya çərçivəsində  Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirmişdir. BMT  Baş Katibinin müavini, təşkilatın Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov ilə görüşdə Azərbaycan və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq məsələlərindən bəhs edilmiş, narkotiklərin qeyri-qanuni dövriyyəsinə yönələn tədbirlərin əhəmiyyətindən, həyata keçiriləcək layihələrdən və birgə beynəlxalq tədbirlərin təşkil edilməsi məsələlərindən ətraflı söhbət açılmışdır. Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatı və BMT ilə birgə narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı növbəti beynəlxalq tədbirlərdən birinin Azərbaycanda keçirilməsi təklifini irəli sürmüş, qarşı tərəf təklifi müsbət dəyərləndirmiş, müvafiq məsləhətləşmələrin aparılmasını labüd hesab etmişdir.

Qeyd edək ki, martın 24-də Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin Dövlət Katibi Reynhold Lopatka ilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev arasında görüş keçirilmişdir. R.Lopatkanın təşəbbüsü ilə gerçəkləşən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmiş, Azərbaycan və Avstriya arasında genişlənən iqtisadi əlaqələr, bu əlaqələrin genişlənməsinə bilavasitə yardım edən ölkə rəhbərlərinin həyata keçirdikləri siyasətin nəticələri, investisiya  və ticarətlə yanaşı, turizm sahəsinin inkişaf templəri, incəsənət və humanitar sahədə həyata keçirilən işlər də qeyd edilmişdir. İki ölkə arasında gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndiyi vurğulanaraq  gələcəkdə mobil qrupların, gömrük laboratoriyalarının və kinoloji xidmətlərin fəaliyyəti sahəsində təcrübə mübadiləsinin aparılması, beynəlxalq hava limanlarında fəaliyyət göstərən gömrük idarələri arasında əlaqələrin yaradılması məsələləri də müzakirə obyekti olmuşdur. Görüşün sonunda Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin Dövlət Katibi Reynhold Lopatka Azərbaycan Gömrük Xidmətinin “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif edilmişdir.

Görüşdən sonra Azərbaycan  nümayəndə heyəti Vyana Beynəlxalq Hava limanında gömrük xidmətinin işi ilə yaxından tanış olmuş, narkotiklərin və pul nominantlarının tapılmasında kinoloji xidməti itlərin tətbiqini izləmişlər.