Daxili orqanında narkotik vasitələr aşkarlandı
27-Dekabr-2019 210

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçən zaman özlərini şübhəli apardıqlarına görə saxlanılıb və şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın bel kəməri bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Daha sonra daxili orqanlarının yoxlanması məqsədi ilə həkim müayinəsindən keçirilən vətəndaşlardan birinin daxili orqanı - düz bağırsağından sellofana bükülü 3 ədəd bükümdə 199 ədəd "metadon" adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi