Narkomaniya ilə mübarizə Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir
18-Mart-2011 1132

Martın 16-da Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2010-cu ilin yekunlarına dair iclası keçirilmişdir.

Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı sərəncam ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Proqram (2007-2012-ci illər)"dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir sıra qabaqlayıcı əməli-profilaktik tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdə Dövlət Komissiyasının işçi qrupu aidiyyəti nazirlik, komitə və təşkilatlarla birgə bir sıra layihələr həyata keçirmişdir. Baş nazirin müavini aparılan mübarizə tədbirlərinin dövlətimizin başçısının diqqətində olduğunu vurğulamışdır.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və korrupsiyanı bəşəriyyətin ən böyük bəlası adlandıran komissiya sədri son illərdə siyasi leksikonda "narkokorrupsiya" termininin formalaşdığını demişdir. O, "Narkokorrupsiya"ya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə ictimaiyyətə müraciət hazırlanması təklifini də irəli sürmüşdür.

Baş nazirin müavini bildirmişdir ki, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi Dövlət Komissiyası ilə birlikdə 2010-cu ilin mayında Lənkəranda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı regional konfrans keçirmişdir. İclasda belə bir konfransın bu il də ölkənin digər bir regionunda keçirilməsi təklifi irəli sürülmüşdür.

Ə.Həsənov BMT-nin Narkotiklər üzərində Beynəlxalq Nəzarət Komitəsinin illik hesabatına da toxunaraq qeyd etmişdir ki, sənəddə Azərbaycana verilən qiymət reallığı əks etdirmir. Sənəddə guya, Ermənistanda bu problemlə mübarizənin respublikamıza nisbətən daha yaxşı təşkil olunduğu bildirilmiş və göstəricilər aşağı salınmışdır. Baş nazirin müavini həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin əkilməsi faktının göstərilmədiyini, buna görə də hesabatda düzəlişin olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Komissiya bu barədə etiraz məktubu hazırlayaraq beynəlxalq komitəyə təqdim edəcəkdir.

Sonra aidiyyəti qurumların rəhbər nümayəndələri çıxışlarında təmsil etdikləri qurumların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində gördükləri işlər barədə məlumat vermişlər.

Öz növbəsində, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Proqram (2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin gömrük orqanları tərəfindən yerinə yetirilməsinə dair çıxışında bildirmişdir ki, 2010-cu ildə ölkədə fəaliyyət göstərən 7700-dən çox hüquqi və fiziki şəxs dünyanın 150-yə yaxın ölkəsi ilə ticarət əməliyyatları aparmış, yüz minlərlə nəqliyyat vasitəsi və milyonlarla sərnişin müxtəlif məqsədlərlə gömrük sərhədindən keçmişdir. Təəssüf ki, onların içərisində Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan  narkotik vasitələrin, əsasən “əfqan” narkotiklərinin “narkoistehlakçı” regionlara daşınması məqsədilə çirkin niyyətlə istifadə etməyə hər cür cəhd göstərənlərə də rast gəlinir.

Xüsusilə, cənub sərhədlərində narkoşərait daha mürəkkəbdir və bu istiqamətdən ölkəmizə “narkotəcavüz” səngimir. Ona  qarşı mubarizədə ön cəbhədə duran gömrük orqanları tərəfindən ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasının qarşısının alınması məqsədilə gömrük nəzarətinin və əməliyyat-axtarış fəaliyyətinin  gücləndirilməsi, gömrükçülərin peşəkar hazırlığının artırılması, dünya təcrübəsində istifadə olunan ən qabaqcıl üsul və metodların, o cümlədən texniki vasitələrin tətbiqi, habelə digər hüquq-mühafizə orqanları ilə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən və terrorçuluğun maliyyələşdirilmə mənbələrindən olan vəsaitlərin leqallaşdırılmasının qarşısının alınması məqsədilə Mərkəzi Bank Yanında Maliyyə Monitorinqi Xidməti ilə qarşılıqlı əməkdaşlığın və məlumat mübadıləsinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

2010-cu ildə əsas sərhəd gömrük keçid məntəqələri ən müasir standartlara cavab verən şəkildə tikilib istifadəyə verilmiş, iri qabaritli nəqliyyat vasitələrinə baxış keçirmək imkanı verən 4 ədəd mobil yoxlama qurğusunun əsas keçid məntəqələrində tətbiqi təmin  olunmuş, “bir pəncərə” sisteminin tətbiqinin təkmilləşdirilməsi və mobil qrupların fəaliyyətinin təşkili üzrə tədbirlər görülmüş, yeni Gömrük Məcəlləsinin layihəsi baxılmaq üçün Milli Məclisə təqdim edilmişdir.

Müasir telekommunikasiya və informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə yaradılmış DGK-nın Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi fəaliyyətə başlamış, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilmiş, “Milli Net 2010” müsabiqəsində dövlət və bələdiyyə saytları nominasiyası üzrə respublikada ikinci yerə layiq görülmüş Komitənin yeni saytında narkotiklərlə mübarizə haqqında materiallar mütəmadi işiqlandırılmışdır.

Görülmüş tədbirlər nəticəsində 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunmuşdur ki, bu da 2009-cu ildə aşkar olunan faktlarla müqayisədə 2,26 dəfə çoxdur. Qeyd olunan faktlarla əlaqədar DGK-nın İstintaq İdarəsi tərəfindən aparılan araşdırmalar zamani belə cinayətlərin törədilməsini doğuran səbəb və şərait öyrənilmiş və qarşısının alınması üçün tədbirlər görülmüşdür. Bu faktlar üzrə ötən il qanunsuz dövriyyədən 319 kr-dan çox əsasən “ağır” və “güclü təsirli” narkotiklər: o cümlədən, 42 kq 850 qram heroin, 17 kq 272 qram metamfetamin, 34 kq 047 qram tiryək, 224 kq 288 qram həşiş və digər maddələr götürülmüşdür.

G.Muradlı vurğulamışdır ki, son illər qanunsuz dövriyyədən götürülən narkotiklərin içərisində insan orqanizminə təsirinə görə ən təhlükəli narkotiklərdən olan, bir qayda olaraq “əfqan” mənşəli heroinin xüsusi çəkisinin artması narahatlıq dogurur. Belə ki, 2008-2010-cu illərdə 173 kiloqrama yaxın heroin tutulmuşdur ki, bu da 2005-2007-ci illərdə tutulan heroinlə müqayisədə 13,3 dəfə çoxdur.

 2010-cu ildə narkofaktlar üzrə 142 nəfəri kişi, 16 nəfəri qadın olmaqla - ümumilikdə, 158 nəfər məsuliyyətə cəlb olunmuşdur. Təəssüf doğuran hallardan biri də odur ki, ildən-ilə qadınlardan və azyaşlı uşaqlardan narkokuryer qismində istifadə hallarının çoxalması müşahidə olunur. Belə ki, son 5 ildə məsuliyyətə cəlb olunanların 12 faizdən çoxunu qadınlar təşkil etmişdir.

Ötən il bir neçə halda ataları tərəfindən azyaşlı uşaqların üzərində gızlətməklə narkotik keçirilməsinə cəhdin qarşısı alınmışdır. Məsələn, bir halda İran vətəndaşı öz həyat yoldaşı və kiçiyinin 6, böyüyünün isə 12 yaşı olan üç azyaşlı qızları ilə Astara buraxılış məntəqəsində gömrük nəzarətindən keçərkən, onların geyiminin altında gizlədilmiş, hər birində iki bağlama olmaqla - 2 kq 15 qram heroin, 1 kq 10 qram həşiş aşkar edilərək götürülmüşdür.

Digər halda Azərbaycan vətəndaşının öz çirkin niyyətini reallaşdırmaq üçün azyaşlı oğlunun üzərində gizlətməklə keçirmək istədiyi 500 qram tiryək şəxsi yoxlama nətıcəsində aşkarlanmışdır.

“Aşkar olunmuş faktların təhlili son illər transmilli mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının da çoxaldığını göstərir” - deyə, G.Muradlı onu da bildirmişdir ki, 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 narkoqrup aşkar olunaraq zərərsizləşdirilmişdir. Bu narkoqrupların üzvləri arasında ciddi vəzifə bölgüsünün aparılması, fəaliyyətlərində mütəşəkkilliyin və nəzarətin olması, qabaqcıl texnologiyadan, müasir maliyyə və ödəmə sistemlərindən istifadə onların təhlukəliliyini artırır. Daşınma marşrutunun və digər halların təhlili, tutulan şəxslərin vətəndaşlığı bu cinayətlərin bir neçə dövlətin ərazisini əhatə etməklə transmilli xarakterə malik olduğunu və onlara  qarşı  mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyini göstərir.  

Bunun vacibliyi nəzərə alınaraq, mövcud sazişlər əsasında 2010-cu ildə həmsərhəd dövlətlər olan Rusiya, Gürcüstan, İran və Qazaxistanın gömrük xıdmətlərilə birgə fəaliyyət Planları imzalanmış, Türkiyənin gömrük xıdməti ilə də bu cür Plan əsasında müvafiq tədbirlər həyata keçirilmişdir. O cümlədən, ÜGT, BMT-nin NCİ, MARİƏM, SECİ, GUAM və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmişdir.   

O da bildirildi ki, bu il martın 21-dən 25-dək Avstriya Respublikasının Vyana şəhərində keçiriləcək BMT-nin Narkotik Vasitələr Komissiyasının 54-cü sessiyası çərçivəsində Avstriyadakı səfirliyimizin təşkilati dəstəyi, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti tərəfindən Vyana Beynəlxalq Mərkəzinin əsas foyesində “Narkotiklərə yox deyək” adlı plakat, foto və dıgər incəsənət əsərlərindən ibarət sərginin keçirilməsi, gömrük orqanlarının narkotiklərlə mübarizəsinə həsr olunmuş sənədli filmin nümayişi, həmçinin Avstriyanın hava limanında kinoloji işin təşkili məsələlərinin öyrənilməsi planlaşdırılmışdır.    

2010-cu ildə gömrük orqanları tərəfindən  bir sıra iri narkoqaçaqmalçılıq kanalları da aşkar və ləğv edilmiş, kompleks əməliyyat tədbirlərı nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi üçün xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 16 fakt üzrə 28 kq 855 qramı  tiryək, 10 kq 170 qramı heroin olmaqla, ümumi xalis çəkisi 39 kq 25 qram olan narkotik vasitə və 1 “Makarov”  tipli  tapança,                 eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülmüş, qeyd olunan narkokanalın təşkilatçıları olan transmilli cinayətkar dəstənin üzvləri həbs olunmuşdur.

Bundan başqa, ötən il güclü təsirə malik metamfetaminin qanunsuz dövriyyəsində ciddi artim müşahidə olunmuşdur. Əgər 2009-cu ildə gömrük orqanları tərəfindən cəmi 11 qram metamfetamin aşkar edilib götürülmüşdüsə, 2010-cu ildə İrandan gətirilən metamfetaminin Azərbaycan ərazisindən tranzit keçirilməklə, hava nəqliyyatı ilə Malayziya və Tailanda  qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlərlə bağlı 6 fakt aşkar edilmiş, 17 kq 272 qram metamfetamin qanunsuz dövriyyədən çıxarılmış, İran və Azərbaycan vətəndaşlarından ibarət qaçaqmalçılar ifşa olunmuşdur. Onlar metamfetamini gömrük nəzarətindən gizli keçirmək məqsədilə paltara hopdurma, maye şəklində konserv bankalarına yerləşdirmə və digər üsullardan istifadə etmişlər.

Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Rusiya Federal Gömrük Xidməti ilə birlikdə həyata keçirilmiş məqsədyönlü kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində isə 2010-cu ilin avqust ayında Həştərxan limanında, İrandan Rusiyaya beynəlxalq dəniz yükdaşımalarını həyata keçirən gəmidə, qranit və digər üzlük daş partiyalarının içərisində 30 bağlamada 49 kq-dan çox narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüş, Rusiyanın Sankt-Peterburq və İvanovo şəhərlərində bu narkokanalın təşkilatçıları olan bir qrup şəxslər tutularaq barələrində müvafiq tədbirlər görülmüşdür.        

2010-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili təsdiq edir ki, narkoqaçaqmalçılar ən çox İran-Azərbaycan-Rusiya  marşrutu ilə yanaşı, ölkə ərazisindən tranzit kimi istifadə etməklə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə də narkotik vasitələrin ötürülməsinə cəhd göstərmişlər.

Çıxışının sonunda G.Muradlı əminliklə bildirmişdir ki, Dövlət Gömrük Komitəsi bundan sonra da narkotiklərlə mübarizə istiqamətində bütün qüvvələri səfərbər edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

İclasda müzakirə edilən məsələlərlə əlaqədar yekun qərar qəbul olunmuşdur.