Müstəqil Azərbaycanın Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyini layiqincə qoruyur
12-Oktyabr-2011 868

Müstəqil Azərbaycan -20

 

Əsgər ABDULLAYEV,

Dövlət Gömrük Komitəsi sədrinin müavini,

gömrük xidməti general-leytenantı

 

    Yola saldığımız XX əsrdə Azərbaycan xalqı müstəqil, azad olmaq sevincini iki dəfə yaşamışdır. İkinci dəfə öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, mübarizə əsri kimi qalacaqdır.

     “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci ildə qəbul etdiyi Bəyannaməyə əsasən Azərbaycan Respublikasının Ali Soveti 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi və beləliklə, müstəqilliyimizi dünya dövlətləri tanıdı. Artıq müstəqil Azərbaycanın 20 yaşı tamam olur. Gənc olmasına baxmayaraq respublikamız 20 illik zaman kəsiyində xeyli uğurlara imza atmış, dünya dövlətləri arasında özünə layiqli yer tutmuşdur.

    Lakin müstəqilliyini qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir yandan keçmiş sovet imperiyasını qoruyub saxlamağa çalışan qüvvələrin təzyiqi, Ermənistan silahlı qüvvələrinin təcavüzü, digər tərəfdən ölkə daxilində sabitliyin olmaması, mürəkkəb ictimai-siyasi vəziyyət, o zamankı hakimiyyət mənsublarının səriştəsizliyi müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi və xahişi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Bu dahi rəhbərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ümummilli lider Heydər Əliyev real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Bununla da müstəqil Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

     Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu illər ərzində Azərbaycan beynəlxalq aləmdə layiqli mövqe qazandı. Ulu öndərimizin ardıcıl, düşünülmüş xarici siyasəti Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışan, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imici qazandırdı. Məhz Heydər Əliyevin yeritdiyi ölçülüb-biçilmiş xarici siyasət, diplomatik səylər nəticəsində dünya birliyi Ermənistanın təcavüzkar dövlət olduğunu, əsl həqiqətləri dərk etdi.

    Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna misal olaraq böyük sürətlə yeniləşən paytaxtımız və regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər uğurları məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.

     Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətin bütün strukturlarında geniş islahatlar aparıldı. O cümlədən respublikanın iqtisadi təhlükəsizliyinin keşiyində dayanan gömrük sistemində... Ümummilli lider Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində 1995-ci ildən başlayaraq gömrük sistemi özünün hərtərəfli inkişafına start verdi. Qısa zaman kəsiyində Ümumdünya Gömrük Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan gömrük sistemi fiskal funksiyasının yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, qanunvericilik bazasının təkmilləşdirilməsində, qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə böyük nailiyyətlər əldə etdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gömrük xidməti öz inkişaf dinamikasını daha da artırır, qazanılan uğurların davamlılığı təmin olunur.

     Dövlət başçısı respublikamızda hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır və bunun nəticəsidir ki, son illər Azərbaycan Gömrük Xidməti dinamik inkişaf edir və yeni müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. İlbəil uğurlara imza atan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin, xarici iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının yeni “Gömrük Məcəlləsi”nin qəbulu, eləcə də gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,  beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi, kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində bir sıra mühüm işlər görmüşlər. Eyni zamanda, Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində qaçaqmalçılıq və gömrük qaydalarının  pozulması halları ilə mübarizənin gücləndirilməsinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparmışdır. Ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə gömrük xidmətinin əsas funksiyalarından biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyev gömrük orqanlarının 5 illik yubileyində proqram xarakterli çıxışında qeyd etmişdir ki, qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifəsidir.... Qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir... Ölkəmizin ərazisindən şərqdən qərbə, cənubdan şimala və əks istiqamətdə mallar keçirilir. Biz burada da qaçaqmalçılığın bütün növlərinin qarşısını almalıyıq. Xüsusən narkotik maddələrin, silah-sursatın və cinayət törətmək üçün istifadə olunan başqa malların, ləvazimatların tranzit vasitəsilə Azərbaycandan keçirilməsinin qarşısını almalıyıq. Bu da Gömrük Təşkilatının qarşısında duran vəzifədir, onun üzərinə düşən məsuliyyətdir.

    Ümummilli lider Heydər Əliyevin bu tövsiyyəsini əldə rəhbər tutan müstəqil Azərbaycanın gömrük xidməti ötən illər ərzində qaçaqmalçılıqla mübarizə istiqamətində fəaliyyətini xeyli gücləndirmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Qaçaqmalçılıqla mübarizədə düzgün dövlət siyasəti effektiv nəticə, mənfi təsir dalğasından maksimum qorunmaq üçün imkanlar açır. İstər ümumilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət qaçaqmalçılıqla mübarizənin təşkilatı-hüquqi bazasını formalaşdırıb. Bu isə effektiv praktik addımlar atmağa imkan yaradır.

     Transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində narkotiklərin qanunsuz dövriyyəsi əsas rol oynayır. Dünya birliyinin yetərincə güclü mübarizə üsullarına rəğmən beynəlxalq narkomafiya intensiv formalaşma və inkişaf mərhələsindədir. Təəssüf ki, Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya dövlətləri ilə narkoistehlakçı Avropa ölkələri arasında yerləşməsi narkotiklərin qanunsuz dövriyyəsində ərazimizi dəhlizə çevirmə imkanlarını artırır. Xüsusilə, cənub sərhədlərində narkoşərait daha mürəkkəbdir və bu istiqamətdən ölkəmizə “narkotəcavüz” səngimir. Ona  qarşı mubarizədə ön cəbhədə duran gömrük orqanları tərəfindən ölkə ərazisindən «ötürücü məntəqə» kimi istifadə olunmasının qarşısının alınması məqsədilə gömrük nəzarətinin və əməliyyat-axtarış fəaliyyətinin  gücləndirilməsi, gömrükçülərin peşəkar hazırlığının artırılması, dünya təcrübəsində istifadə olunan ən qabaqcıl üsul və metodların, o cümlədən texniki vasitələrin tətbiqi, habelə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığın və məlumat mübadıləsinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

    Ötən illər ərzində əsas sərhəd gömrük keçid məntəqələri ən müasir standartlara cavab verən şəkildə tikilib istifadəyə verilmiş, iri qabaritli nəqliyyat vasitələrinə baxış keçirmək imkanı verən mobil yoxlama qurğularının əsas keçid məntəqələrində tətbiqi təmin  olunmuş, “bir pəncərə” sisteminin tətbiqinin təkmilləşdirilməsi və mobil qrupların fəaliyyətinin təşkili üzrə tədbirlər görülmüşdür.

    Müasir telekommunikasiya və informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə yaradılmış DGK-nın Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi fəaliyyətə başlamış, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilmiş, Komitənin yeni saytında narkotiklərlə mübarizə haqqında materiallar mütəmadi işiqlandırılmışdır.

     Ötən ilin statistikasına nəzər salsaq, həyata keçirilmiş kompleks tədbirlər nəticəsində gömrük orqanları tərəfindən 17215 hüquqpozma faktı aşkar edilmişdir ki, onlardan 264-ü cinayət xarakterli faktlar olmuşdur. Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən «ötürücü məntəqə» kimi istifadə olunmasına yol verməmək məqsədilə görülmüş tədbirlər nəticəsində 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunmuş və bu faktlar üzrə 319 kq 098 qram narkotik maddə tutulmuşdur. Bu faktlar üzrə 158 nəfər məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa, ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilmişdir.

     2011-ci ilin yanvar-sentyabr ayları ərzində də respublika gömrük orqanlarının əməliyyat bölmələrinin fəaliyyəti əsasən qaçaqmalçılığa qarşı mübarizənin aparılmasına, xüsusilə də qaçaqmalçılıq kanallarının aşkar olunmasına və ləğvinə, qabaqlayıcı, profilaktik və əməliyyat-axtarış tədbirləri vasitəsilə gömrük ödənişlərinin ödənilməsindən yayınmanın və digər hüquqpozmaların qarşısının alınmasına yönəlmişdir.

    Həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci ilin 9 ayı ərzində 13668 hüquqpozma  faktı aşkar edilmişdir.  Bu faktlardan  189-u  cinayət xarakterli faktlar olmuş, 210 nəfər şübhəli şəxs qismində saxlanılmışdır.

     “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrasını təmin etmək məqsədilə gömrük orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində görülən tədbirlər nəticəsində 2011-ci ilin müvafiq dövründə  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 105 fakt aşkar olunmuş, həmin faktlar üzrə 200 kq-dan çox narkotik, o cümlədən 16 kq 587,774 qram heroin, 2 kq 971,986 qram turyək, 175 kq 213,514 qram həşiş, 6,304 qram metadon, həmçinin 4 kq 570,615 qram metamfetamin, 2820 ədəd psixotrop maddələr (ampul, kapsul və həb şəklində) tutulmuşdur.

    Ümumiyyətlə, narkomaniya kimi çox təhlükəli bir problemlə mübarizədə nəinki bir təşkilat, böyük bir ölkə də təkbaşına uğur əldə edə bilməz. Bu işdə həm əlaqədar təşkilatlar, həm də bütün ölkələr birgə fəaliyyət göstərməli, eyni zamanda, problemlə əlaqəsi olan-olmayan hər bir qurum və hər bir vətəndaş ümumi işə öz töhfəsini verməlidir. Bu baxımdan, Dövlət Gömrük Komitəsi təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparmır, həm də bu sahədə maarifləndirmə işinə dəstək verir.

    Azərbaycan xalqı üçün narkomaniya spesifik bir problem olmasa da, heç kəs arxayınlaşmamalı, xüsusilə də kütləvi informasiya vasitələri narkomaniyaya qarşı mübarizə işində prinsipial olmalı və daim bu mövzunu gündəmdə saxlamalıdırlar. Onlar maarifləndirmə işi apararaq cəmiyyətiin bütün təbəqələrini bu qlobal bəlaya qarşı mübarizəyə cəlb etməli, gələcək nəslin tərbiyəsinə, onun həm fiziki, həm də mənəvi sağlam və vətənpərvər ruhda yetişməsinə yardım göstərməklə yanaşı, narkomaniyanın və narkotik vasitələrin ölkəmizdə yayılmasının qarşısının alınmasında yaxından iştirak etməlidirlər.

    Qeyd etdiyim kimi, Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə işinə də xüsusi önəm verir. Bu sahədə Dövlət Gömrük Komitəsi təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlər də həyata keçirir.

    2011-ci ilin yanvarında Bakı şəhərindəki Muzey Mərkəzində “Narkomaniyaya yox deyək!” plakat və foto müsabiqəsinin yekun sərgisi də növbəti belə tədbirlərdən olmuşdur. Tədbirin təşkilində Dövlət Gömrük Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Rəssamlar İttifaqı da yaxından iştirak etmişdir. DGK-nın məqsədi narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə fəal iştirak etmək və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinə yardım etməkdir.

    Dövlət Gömrük Komitəsi “Narkotiklərə yox deyək!” adlı daha bir sərgini isə bu ilin martında Vyana şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü sessiyası çərçivəsində keçirmişdir. Sərgidə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan tədbirlər, profilaktik işlər, eləcə də narkotiklərdən istifadənin ağır nəticələri haqqında cəmiyyətin maarifləndirilməsi məsələləri barədə məlumat verilmişdir.  

    2011-ci il iyulun 18-19 tarixlərində Bakı şəhərində keçirilən transmilli narkoqruplaşmaların fəaliyyətinin qarşısının alınmasına yönəlmiş tədbirlərin əlaqələndirilməsi üzrə işçi görüş də Azərbaycan Gömrük Xidmətinin bu sahədə xüsusilə fəal olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan da daxil olmaqla, 16 ölkənin və aidiyyəti beynəlxalq qurumların nümayəndələrinin qatıldığı bu tədbirdə məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilən nəticələri müzakirə etmək, bu istiqamətdə birgə mübarizə işini daha da təkmilləşdirmək olmuşdur.

    Bu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, oktyabrın 17-18 tarixlərində Ümumdünya Gömrük Təşkilatı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə Bakı şəhərində Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq Konfrans keçiriləcək. Konfransda əsasən, narkotiklərin və onlarla bağlı təhlükənin vəziyyəti, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə regional-beynəlxalq əməkdaşlığın gücləndirilməsi, məlumat mübadiləsinin aparılması və s. bu kimi məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

     Bu gün Azərbaycan siyasi sabitlik şəraitində yüksək iqtisadi inkişaf xəttini davam etdirir. Azərbaycanın inkişafının əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Ölkə rəhbərliyinin apardığı siyasət xalq tərəfindən dəstəklənir, iqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə, sosial vəziyyətlərinə cavab verir və xalq-iqtidar birliyi daha da möhkəmlənib.

    Bu gün müstəqil respublikamızın gömrük orqanları ölkəmizin iqtisadi təhlükəsizliyini layiqincə qoruyur və ümidvaram ki, gələcəkdə də gömrük işi respublikamızın iqtisadi inkişafına təkan verməklə, müstəqilliyimizin qorunub saxlanmasıda, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşlarının bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqdır.