Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
13-Oktyabr-2021 822
Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Dövlət Gömrük Komitəsi bildirir ki, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikasının Xankəndi şəhərinə malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaqı aparılır. Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi