Dövlət müstəqilliyimiz dönməz və əbədidir
13-Oktyabr-2011 2985

“İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Lakin əldə edilən istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, mətin siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona etibar edə bilər”.

Bu fikirlər Xaçmaz Gömrük İdarəsində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən toplantıda səsləndirilib. Tədbiri giriş sözü ilə açan Xaçmaz Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sahib Axundov yaxın tarixi keçmişə nəzər salaraq xatırlatmışdır ki, 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra xalqımız və dövlətimiz böyük sarsıntı və fəlakətlər yaşamaq məcburiyyətində qaldı. 1993-cü ilin iyununda Azərbaycan çox böhranlı bir durumdan xilas oldu, xalqımızın böyük oğlu Heydər Əliyev dövlətə rəhbərliyə qayıtdı. Ulu öndər Konstitusiya Aktının qəbul olunmasını Azərbaycanın həyatında əlamətdar gün, tarixi hadisə, böyük bayram kimi qiymətləndirir və hər bir kəsi Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək üçün, bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirdi. Heydər Əliyev yorulmaz dövlətçilik fəaliyyəti ilə bizə və gələcək nəsillərə müstəqilliyi, milli dövlətçiliyi necə hifz etməyin gerçək nümunəsini göstərdi; Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.

İdarə rəisi vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Heydər Əliyev iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atmışdır. İlk günlərdən Azərbaycanın perspektiv inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş müstəqil dövlətimizi qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, habelə dünyada əhəmiyyəti  artan ölkəyə çevirmişdir. Ordu quruculuğu, dövlət orqanlarının formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, cinayətkarlıqla mübarizə, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, Azərbaycana investisiyaların cəlb edilməsi, xarici siyasət sahələrində ciddi uğurlar əldə edilmişdir. Eyni zamanda, Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz onun uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.

Sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirmişdir ki, bu gün Azərbaycan istiqlalı və istiqbalı üçün ən mühüm təminat faktoru odur ki, ümummilli lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xətti uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səkkizillik rəhbərliyi dövründə Azərbaycan Respublikası davamlı inkişaf etmişdir. Aparılan uğurlu xarici və daxili siyasət Azərbaycanın heç bir dövlətdən asılı olmadığına işarədir; Azərbaycan regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməkdədir.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinə toxunan N. Ağayev vurğulamışdır ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi partiyanın nizamnaməsinin əsasını təşkil edir. O, qeyd etmişdir ki, xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi tam formalaşmışdır.