Kinoloq ixtisası üzrə qısamüddətli təlimlərə start verilir
19-Noyabr-2021 592

Bakıda kinologiya sahəsində kadrların hazırlanması üçün təlimlər keçiriləcək.

Təlimləri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi birgə təşkil edir.

Təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, kinologiyanın təşkil olunması, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti itlərin seçilməsi və çoxtərəfli istiqamətlərdə (mina və silah-sursat, partlayıcı maddə, psixotrop vasitələr və s. axtarışı) hazırlanması və tibbi yardıma dair dərin nəzəri-praktiki bilik və bacarıqlara yiyələnəcəklər.

Ödənişli əsaslarla 4 ay davam edəcək təlimlərin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzdə təşkil ediləcək.

Təlimi uğurla bitirən şəxslərə dövlət nümunəli ilk peşə-ixtisas sertifikatı veriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi