Avstriya və Azərbaycan gömrük orqanlarının birgə əməkdaşlığı müsbət qiymətləndirilmişdir
15-Oktyabr-2011 695

Oktyabrın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Andreas Şiederlə görüşmüşdür.

Yaxın günlərdə açılışı gerçəkləşəcək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində baş tutan görüşdə  iki ölkə arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açılmış, Azərbaycanla Avstriya arasında istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı vəziyyəti xarakterizə edilmiş, Avstriya Prezidenti Haynts Fişerin respublikamıza səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında yeni impuls olduğu vurğulanmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini konkret faktlarla dilə gətirən Aydın Əliyev Azərbaycanla Avstriya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsinin vacibliyini vurğulamışdır. DGK sədri bu sahədə perspektivlərdən danışmış, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir.

Müstəqil Azərbaycanın Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan Komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, xüsusilə, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Səmimi qarşılanmaya və göstərilən yüksək qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Andreas Şieder respublikamızda olmaqdan məmnunluğunu ifadə etmiş, həqiqətən Azərbaycanda uğurlu inkişaf yolu keçən iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.

Avstriya hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan Andreas Şieder iki dost ölkə arasındakı münasibətlərin hazırkı durumundan razılıqla söhbət açmış, Avstriya ilə Azərbaycanın gömrük orqanlarının birgə əməkdaşlığını müsbət qiymətləndirmişdir.

Sonra qonaq ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Regional Ofisi ilə yaxından tanış olmuş, yüksək zövqlə tikilmiş ofisin üstün imkanlarından, texniki təchizatından razılığını bildirmişdir.