Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələr genişlənir
08-Avqust-2009 740
Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələr genişlənir
 
30-31 iyul tarixlərində İstanbul şəhərində Türkiyə Respublikası Gömrük Müstəşarlığının təşəbbüsü ilə Azərbaycan və Türkiyə gömrük orqanları arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa həsr edilmiş görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
Nümayəndə heyətimizin verdiyi məlumata görə, səfər zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev Türkiyə Respublikası Gömrük Müstəşarlığının müstəşar yardımçısı İbrahim Şenel ilə ikitərəfli görüş keçirmişdir. Səmimilik şəraitində keçən görüşdə müstəşar yardımçısı iki dost ölkənin gömrük orqanları arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsindən, əməliyyat əlaqələrinin faydasından danışaraq bu sahədə məlumat mübadiləsinin aparılmasının zəruriliyini vurğulamış və gələcəkdə də belə əməkdaşlığın davam etdirilməsi arzusunda olduqlarını bildirmişdir.
Öz növbəsində Komitə sədrinin müavini Əsgər Abdullayev Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlərin əhəmiyyətini qeyd edərək iki ölkənin sərhəd keçid məntəqələrində avtomobil və hava yolları ilə qanunsuz daşınılan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatların aşkar edilməsi və qarşısının alınmasına yönəlmiş əməliyyat planının həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, bu əməliyyat planına müvafiq olaraq keçirilmiş tədbirlər əsasən iki istiqamətdə, quru yolla hərəkət edən nəqliyyat vasitələrinə gömrük baxışının keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sədərək Gömrük İdarəsi ilə qarşı tərəfin Dilucu Gömrük Məntəqəsi arasında və hava gəmilərinə gömrük baxışının keçirilməsi üçün Atatürk Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında həyata keçirilmişdir. 
Xatırladaq ki, görüş zamanı qərara alınmışdır ki, Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında gömrük hüquqpozmaları sahəsində əməkdaşlığın həyata keçirilməsi davam etdirilsin. “2009-2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan Respublikası və Türkiyə Respublikası gömrük orqanlarının əməkdaşlığının və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmiş təşkilati və təcrübi xarakterli tədbirlər Planı”nın icrası ilə əlaqədar malların tranziti zamanı gömrük hüquqpozmalarının əlamətləri aşkar edildikdə qabaqlayıcı və operativ xarakterli qarşılıqlı məlumatlandırma aparılsın. Bununla yanaşı, gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət obyektləri olan mallara dair əqli mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə, gömrük işi üzrə qanunvericiliyin və digər normativ-hüquqi aktların tələblərinin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərilsin. Əqli mülkiyyət hüquqlarının qorunmasının təşkil edilməsi və belə malların qanunsuz dövriyyəsinə qarşı tədbirlərin həyata keçirilməsi üçün əlaqələndirici şəxslər vasitəsilə təcrübə mübadiləsi aparılsın. Eyni zamanda o da qərara alınmışdır ki, saxtakarlıq və piratçılıqla mübarizədə inzibati və cinayət qanunvericiliyinin müddəalarına son zamanlar edilmiş müvafiq dəyişikliklər barədə fikir mübadiləsi aparılsın.
Sonda görüşdə bir daha vurğulanmışdır ki, birgə keçirilən əməliyyat tədbirlərinin davamlı olması gələcəkdə də qarşılıqlı münasibətlərin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, səfər zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük Müstəşarlığı arasında Qaçaqmalçılıqla mübarizə sahəsində keçirilən iclasın Protokolu imzalanmışdır.