Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Sosial şəbəkələrdə poçt göndərişləri vasitəsilə ölkə ərazisinə göndərilən müxtəlif növ kosmetik vasitələrin gömrük orqanları tərəfindən buraxılışının dayandırılması və gömrük ödənişləri həyata keçirilərkən əlavə vəsaitin tələb edilməsi ilə bağlı videomüraciət yayımlanıb.
Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsi bildirir ki, bir şəxs tərəfindən ayrı-ayrı şəxslərin adına Ukraynadan Azərbaycan Respublikasına göndərilən, ümumi çəkisi 62.8 kg olan malların (kosmetik vasitələrin) kommersiya məqsədlərini daşıması ehtimalı olduğundan və ümumi invoys dəyəri 214 ABŞ dolları göstərildiyindən daha ətraflı gömrük nəzarətinin həyata keçirilməsinə zərurət yaranmış, vətəndaşın təkrarən gömrük orqanına dəvət edilməsi və onun iştirakı ilə müvafiq araşdırmanın aparılması nəzərdə tutulmuşdur.
Eyni zamanda bildiririk ki, vətəndaşın çıxışında gömrük orqanları tərəfindən gömrük rüsum dərəcəsinin 400 %-ə qaldırılması ilə bağlı iddiasının heç bir əsası yoxdur.
Qeyd edək ki, malların kommersiya məqsədilə ölkə ərazisinə gətirilməsi zamanı bəyan edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın müddəaları ilə tənzimlənir.
Eyni zamanda mallar ölkə ərazisinə idxal olunarkən qanunvericiliklə nəzərdə tutulan hallarda gömrük yığımlarına, gömrük rüsumlarına və əlavə dəyər vergisinə cəlb olunur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi