Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Sosial şəbəkələrdə dəyər və miqdarından asılı olmayaraq xaricdən gətirilən mallara görə gömrük ödənişlərinin ödənilməsinin düzgün olmadığına dair iddialar səsləndirilir və bu kimi video məlumatlarda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.
Dövlət Gömrürk Komitəsi bildirir ki, fiziki şəxslər tərəfindən xaricdə əldə olunan əşyaların ölkə ərazisinə gətirilməsinə görə müvafiq qaydalar mövcuddur. (Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalar”na dair 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı). Xarici ölkələrdə olduğu kimi ölkəmizdə də fiziki şəxslər üçün güzəştli qaydada gətirilən mallara görə normalar müəyyənləşdirilib. Hər bir fiziki şəxs ayda bir dəfə olmaqla 800 ABŞ dolları məbləğində malları güzəştli qaydada ölkə ərazisinə gətirə bilər. Müəyyən olunmuş limitdən artıq gətirildikdə isə gömrük rüsumu ödənilməlidir. Belə ki, xarici ölkələrdə hədiyyə olunmuş və ya digər formalarda əldə edilmiş mallar müvafiq gömrük dəyərinə malikdir və onun dəyərləndirilməsi üçün gömrük nəzarəti həyata keçirilir. Bu qaydalar məhdudiyyət xarakterli deyil və xarici ölkələrdə hədiyyə və ya digər formalarda əldə edilməsindən asılı olmayaraq normalardan artıq gətirilən mallar dəyəri və ədədi nəzərə alınmaqla gömrük ödənişlərinə cəlb olunur.