Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Vətəndaş Aqil Layıc sosial şəbəkədəki şəxsi profilindən özünün adına ünvanlanan bağlamaların alınmasında gömrük orqanları tərəfindən yaradılan çətinliklərə dair narahatçılığını bildirmişdir.
Qeyd edilən fakt üzrə araşdırma aparılmış, məsələnin sosial şəbəkədə paylaşılan məlumatdan fərqli olduğu müəyyənləşdirilmişdir.
Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən xaricdən 3 məhsul sifariş edilərək gömrük ödənişləri ödənməklə onlar bir bağlamada “Smart customs” tətbiqi vasitəsilə gömrük orqanlarına bəyan edilmişdir. Cari ilin iyun ayında sifariş olunan məhsullardan ikisi bir bağlamada ölkə ərazisinə daxil olmuş və gömrük nəzarətindən keçirilərək daşıyıcı şirkət tərəfindən götürülmüşdür.
İnvoys dəyəri 1469 tl təşkil edən və ölkəyə daha gec tarixdə gələn digər bağlama isə vətəndaş tərəfindən gömrük orqanına dəyəri 1 tl olmaqla bəyan edilmişdir. Bu səbəbdən invoys dəyəri 1469 tl təşkil edən bağlamanın gömrük orqanına 1 tl dəyərində bəyan olunması sistemdə uyğunsuzluq yaratmış və müvafiq araşdırılma aparılması üçün bağlama cari il iyunun 9-da saxlanılmış, daşıyıcı şirkətə və vətəndaşa bu barədə “Smart customs” tətbiqi üzərindən bildiriş göndərilmişdir.
41 gün sonra vətəndaş gömrük orqanına müraciət etmiş, bağlamanın gömrük orqanına yanlış məlumat vermə, yəni səhv bəyan etmə səbəbindən saxlanıldığına dair müvafiq izahat işləri aparılaraq buraxılışı təmin olunmuşdur.
Beləliklə, vətəndaş Aqil Layıcın sosial şəbəkədə qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş vermişdir.
Bununla əlaqədar gömrük orqanlarına aid olmayan saxlanca görə isə ödəniş yaranmışdır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi