Vətəndaşlar arasında növbəti sorğu keçirilib
Vətəndaşlar arasında növbəti sorğu keçirilib
Vətəndaş və sahibkar məmnuniyyətinin, xidmətlərin əlçatanlığının, şəffaflığın artırılması, gömrük işinin təşkili prosesində ictimai iştirakçılığın təmin olunması Dövlət Gömrük Komitəsinin əsas strateji hədəflərindəndir. Gömrük orqanları fikir və təkliflərin öyrənilməsi, ictimai rəyin müəyyənləşdirilərək tətbiq ediləcək layihə və yeniliklərdə öz əksini tapmasına xüsusi diqqət göstərir.
Bu məqsədlə Dövlət Gömrük Komitəsi və Dövlət Turizm Agentliyinin könüllüləri tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda növbəti sorğu keçirilib.
Cari ilin may ayının 25-dən iyun ayının 26-dək keçirilən sorğu nəticəsində ümumilikdə rəyi öyrənilən 1044 respondentdən 995-i, yəni 95%-i gömrük orqanlarının fəaliyyətindən razı, 49 nəfəri və ya 5%-i isə narazıdır.
Sorğuda iştirak edən respondentlərin 695 nəfəri (67%) Azərbaycan, 341 nəfəri (33%) isə xarici ölkə vətəndaşları olub.
Azərbaycan vətəndaşlarının 94%-i, xarici ölkə vətəndaşlarının isə 97%-i gömrük orqanının fəaliyyətindən məmnun olduğunu bildirib.
Respondentlər tərəfindən verilən irad və təkliflər üzrə ümumi olaraq müəyyən edilib ki, əlavə yoxlamaların vaxt itkisinə səbəb olması, bəzi hallarda əməkdaşların vətəndaşlarla kobud rəftarı və müxtəlif səbəblərdən növbələrin yaranması əsas narazılıq yaradan amillərdəndir. Verilən irad və təkliflər nəzərə alınaraq müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparılır.