Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə növbəti görüş keçirilib

Beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə növbəti görüş keçirilib

Avqustun 15-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası və  Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının  birgə təşkilatçılığı ilə reallaşan görüşdə 40-dan çox daşıyıcı şirkətin rəhbəri və səlahiyyətli nümayəndəsi təmsil olunub.

Dövlət Gömrük Komitəsi rəhbərliyinin də iştirak etdiyi görüş gömrük-biznes dialoqu çərçivəsində baş tutub.

Görüşdə gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlər məlumatlandırılıb və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Tədbirdə daşıyıcı şirkətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə mütəmadi olaraq görüşlərin keçiriləcəyi də diqqətə çatdırılıb, həmçinin əvvəlki görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində  atılan addımlarla bağlı  məlumat verilib.

O cümlədən beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə aid məlumatların öncədən təqdim olunması yolu ilə ticarətin asanlaşdırılmasının və təhlükəsizliyin təmin edilməsinin gömrük orqanları qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi  vurğulanıb.

Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 Avqust 2024 21:31
195