Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tibbi Xidmət İdarəsi Astarada şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirib

Tibbi Xidmət İdarəsi Astarada şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirib

27 Sentyabr - Anım Günündə DGK Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və TƏBİB-in dəstəyi ilə Astarada “Ümumdünya Ürək Günü”nə həsr edilmiş şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirilib.

İlk öncə tədbir iştirakçıları Astara şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər.

Açılış mərasimində artıq ənənə halını alan bu kimi tibbi sosial aksiyaların əhəmiyyətindən danışılıb və qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalının və C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yüksəkixtisaslı mütəxəssisləri tərəfindən şəhid və qazi ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçiriləcək, onlara uroloji, kardioloji, endokrinoloji, nevroloji, oftalmoloji, ginekoloji, travmotoloji, pediatrik və s. xidmətlər göstəriləcək.

Açılış mərasimindən sonra tibbi sosial aksiyaya start verilib. Şəhid və qazi ailələrinin üzvləri USM, EKQ, EXO müayinələrindən keçirilərək lazımi dərman preparatları ilə təmin olunublar.

Qeyd edək ki, kardioloji tibbi sosial aksiya zamanı 250 nəfər tibbi müayinədən keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Sentyabr 2024 16:42
195