Gömrük əməkdaşları üçün təlim keçirilib
Gömrük əməkdaşları üçün təlim keçirilib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ərzaq məhsullarının, dərman vasitələrinin, mədəniyyət məhsullarının, canlı heyvanların və bitkilərin, eləcə də xidməti və mülki silahların gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi” mövzularında təlimlər təşkil olunub.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən təlimlərin məqsədi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasıdır.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki, COP29 çərçivəsində ölkəmizə səyahət edən şəxslərin gömrük sərhədindən asan və sürətli şəkildə keçidinin təmin edilməsi, həmçinin keyfiyyətli və effektiv gömrük nəzarətinin təşkili məqsədilə müvafiq addımlar atılır. Bu istiqamətdə fəaliyyətin səmərəli şəkildə qurulması üçün aidiyyəti qurumlarla əməkdaşlığın daha da gücləndirildiyi vurğulanıb, təlimlərdə əldə olunan biliklərin xidmət səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Təlimlər çərçivəsində Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirlikləri, COP29 Əməliyyat Şirkəti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən xüsusi təqdimatlar əsasında “Dərman vasitələrinin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədilə gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi zamanı diqqət yetirilməli olan məsələlər”, “Xidməti və mülki silahların ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması”, “CİTES Konvensiyası və CİTES icazə/sertifikatının verilməsi”, “Muzey işi və daşınar mədəni sərvətlərin müvəqqəti və ya daimi ixracı prosesi”, “Fiziki şəxslər tərəfindən ərzaq məhsullarının, canlı heyvan və bitkilərin gömrük sərhədindən keçirilməsi” mövzularında məlumatlar verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi