Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında “Avrasiyanın Arteriyaları” adlı kitabın təqdimatı keçirilib

Gömrük Akademiyasında “Avrasiyanın Arteriyaları” adlı kitabın təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında iqtisadçı-ekspert Eldəniz Əmirovun müəllifi olduğu “Avrasiyanın Arteriyaları” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə Akademiyanın professor müəllim heyəti, tələbələr iştirak edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki, Avrasiya materikində yer alan dəhlizlərin tarixi, marşrutları, texniki-iqtisadi göstəriciləri və əhəmiyyətinin təhlil edildiyi kitab xüsusilə “beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin, məlumatlılığının artırılmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edənlər Avrasiya regionunda mövcud olan çağırışlar və imkanlar barədə fikir mübadiləsi apararaq kitabın gələcək tədqiqatlar üçün dəyərli mənbə olduğunu bildiriblər.

Daha sonra müəllif Eldəniz Əmirov çıxış edərək Prezident İlham Əliyevin uğurlu nəqliyyat-kommunikasiya və enerji dəhlizi strategiyasına həsr etdiyi və materikin 30-dan çox dəhlizini əhatə edən “Avrasiyanın Arteriyaları” adlı kitabının ərsəyə gəlməsindən bəhs edib. Müəllif həmçinin, Avrasiya regionunda baş verən əsas hadisələr, infrastruktur layihələri, enerji resursları və ticarət yolları ilə bağlı dərin təhlillərini auditoriya ilə bölüşüb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Oktyabr 2024 16:30
195