Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Oktyabrın 24-də Dövlət Gömrük Komitəsi ilə SOCAR və BP-nin podratçı şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sahəsində qarşıya çıxan məsələlərin müzakirəsi məqsədilə keçirilən görüşdə tədbir iştirakçılarını salamlayan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu kimi tədbirlərin neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərlə gömrük orqanları arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə bu kimi müzakirələrin aparılmasının önəmindən danışıb, hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsinin sürətli şəkildə həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşan biznes subyektləri ilə əlaqələrin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, gömrük sistemində məmnunluğun və şəffaflığın təmin edilməsi, biznes yönümlü layihələrin rəqəmsallaşması istiqamətində addımlar atılır və bu baxımdan biznes nümayəndələri ilə mütəmadi keçirilən görüşlərdə səsləndirilən təkliflər inzibatçılıqda aparılan təkmilləşdirilmələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.
Qeyd olunub ki, gömrük orqanlarının əsas hədəflərindən biri də gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasıdır ki, bu da gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılmasına töhfə verəcək.
Daha sonra biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi