Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük idarələrində 8 noyabr - Zəfər Günü və Dövlət Bayrağı günü ilə əlaqədar tədbirlər keçirilib.

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. 

Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Gəncə Gömrük İdarəsi tərəfindən isə Gəncə şəhər Heydər Əliyev Mərkəzi ilə birlikdə “Qarabağ Salnaməmizin Şanlı Zəfəri” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tovuz Gömrük İdarəsinin əməkdaşları 8 noyabr - Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə, Tovuz rayonunda yerləşən Dövlət Rəmzləri Muzeyini ziyarət ediblər.
Gömrük əməkdaşlarına tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində qurulan dövlətlərin bayraqları, gerbləri, tarixi sənədlər barədə məlumat verilib.

Astara Gömrük İdarəsində təşkil edilən tədbir ⁠ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən, Azərbaycan əsgərinin şanlı döyüş yolundan, torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin qəhrəmanlığından, həmçinin Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edilib.

Şərqi Zəngəzur Gömrük İdarəsinin əməkdaşları isə Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Mürşüd Məmmədovun Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan ailəsini ziyarət ediblər. Eyni zamanda 1-ci Şahsevən kəndindəki şəhidlər xiyabanı ziyarət olunaraq şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Noyabr 2024 19:27
195