Zəfər Günü münasibətilə tədbir keçirilib
Zəfər Günü münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsində 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
İlk olaraq Dövlət Gömrük Komitəsinin kollektivi İkinci Şəhidlər Xiyabanı ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbirdə şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin valideynləri, Vətən müharibəsi qaziləri və iştirakçıları, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, gömrük əməkdaşları iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsinin 44 günlük Vətən müharibəsinin iştirakçısı olan əməkdaşları çıxış edərək Azərbaycan əsgərinin döyüş yolu haqqında xatirələrini bölüşüblər.
Tədbirdə şanlı qələbəmizə gedən yol, xalqın orduya dəstəyi və digər mövzularda videoçarxlar nümayiş olunub.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bayram münasibətilə iştirakçıları təbrik edib, bu möhtəşəm Zəfər Gününün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, qalib Azərbaycan Ordusunun döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin təntənəsi olduğunu bildirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdilər və onların əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq.
Tədbirdə 44 günlük Vətən Müharibəsində iştirak edən əsgər və zabitlərimizə, şəhid ailəsi üzvlərinə, o cümlədən gömrük orqanlarında xidmət edən qazi və müharibə iştirakçılarına dərin minnətdarlıq ifadə olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi