COP29 çərçivəsində “Yaşıl Gömrük” mövzusunda panel müzakirə keçirilib
COP29 çərçivəsində “Yaşıl Gömrük” mövzusunda panel müzakirə keçirilib
Noyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası-COP29 çərçivəsində “Yaşıl Gömrük: Asanlaşdırma, innovasiya və standartlar vasitəsilə davamlı ticarətin inkişafı” mövzusunda panel müzakirə keçirilib.
Böyük Britaniya Standartları İnstitutunun Davamlılıq şöbəsinin rəhbəri Daan van der Vakkenin moderatorluğu ilə keçirilən müzakirədə, Ümumdünya Gömrük Təşkilatının Tarif və Ticarət Məsələləri üzrə Direktoru vəzifəsini icra edən Qael Qrubi açılış nitqi ilə çıxış edib.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Komissarlığının Ticarət İdarəsinin dəstəyi ilə keçirilən panel müzakirələrdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Beynəlxalq Standartlar Təşkilatının (İSO) Baş katibinin müavini Silvio Dulinski və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Komissarının Ticarət İdarəsinin icraçı köməkçisi AnnMariya Haysmit məruzələrlə çıxış ediblər.
Məruzəçilər ekologiyanın, ətraf mühitin qorunmasında, iqlim dəyişmələrinə qarşı mübarizənin səmərəliliyinin artırılmasında “Yaşıl Gömrük” təşəbbüsünün əhəmiyyəti, gömrük orqanlarının bu istiqamətdə gələcək strategiyaları və hədəfləri barədə fikirlərini açıqlayıblar.
Çıxış edənlər “Yaşıl Gömrük” təşəbbüsü çərçivəsində ekoloji normalara əməl olunması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin artırılması və davamlılığının təmin edilməsi məqsədilə dayanıqlı həllərin tətbiqinin, rəqəmsallaşmanın genişləndirilməsinin, qabaqcıl təcrübələrin öyrənilməsi, sektorlararası dialoqun, həmçinin beynəxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi