“Yaşıl Gömrük: yüksək gömrük rəsmilərinin dialoqu” mövzusunda konfrans keçirilib
“Yaşıl Gömrük: yüksək gömrük rəsmilərinin dialoqu” mövzusunda konfrans keçirilib
Noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası-COP29 çərçivəsində “Yaşıl Gömrük: yüksək gömrük rəsmilərinin dialoqu” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən və COP müstəvisində ilk dəfə gömrük məsələlərinin müzakirə olunduğu tədbirdə müxtəlif ölkələrin gömrük xidmətlərinin rəhbərləri və yüksək rəsmiləri, Ümumdünya Gömrük Təşkilatının nümayəndələri iştirak edib.
Konfransın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, bu təşəbbüsün cəmiyyətin ekoloji məsələlərə həssaslığının artırılmasına, təbii resursların mühafizəsi və ekoloji dəyərlərin qorunmasına mühüm töhfə verdiyini bildirib.
“Yaşıl Gömrük” təşəbbüsünə həsr olunmuş tədbirin əhəmiyyətindən danışan Komitə sədri ətraf mühitin qorunmasında gömrük xidmətlərinin strateji rolunu və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin həm qlobal ekoloji problemlərin həllində, həm də gömrük orqanlarının iqlim dəyişikliyinə qarşı mübarizədə rolunun artırılmasında mühüm addım olduğu diqqətə çatdırılıb, Azərbaycan gömrük xidmətinin “Yaşıl Gömrük” təşəbbüsünə dəstək istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilib.
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov ekoloji tarazlığın və ətraf mühitin qorunmasında gömrük orqanlarının rolundan danışıb, iqlimlə bağlı cavab tədbirlərinin birgə formatda həyata keçirilməsinin, mövcud resurslardan səmərəli şəkildə istifadə olunmasının vacibliyini vurğulayıb.
Ümumdünya Gömrük Təşkilatının Tarif və Ticarət Məsələləri üzrə direktoru vəzifəsini icra edən Qael Qrubi açılış nitqində “Yaşıl Gömrük” təşəbbüsünün və gömrük məsələlərinin ilk dəfə COP müstəvisinə çıxarılmısına görə COP29-a sədrlik edən ölkə kimi Azərbaycana və Dövlət Gömrük Komitəsinə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. ÜGT rəsmisi ətraf mühitin qorunması ilə bağlı qısa zaman ərzində effektiv tədbirlərin reallaşdırılmasının zəruriliyini qeyd edib.
Açılış mərasimindən sonra Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinovun və COP29-un dayanıqlılıq üzrə baş məsləhətçisi Marina Olşanskayanın moderatorluqları ilə panel müzakirələr keçirilib.
“Yaşıl Gömrük Təşəbbüsü”, “Dövri İqtisadiyyat və Gömrük” panel müzakirələrində “Dayanıqlı ticarət və ətraf mühitin mühafizəsini təşviq etməkdə gömrüyün rolu”, eləcə də “Malların təkrar emalı, təkrar istifadəsi və bərpası ilə bağlı ticarət tendensiyalarının araşdırılması: Dayanıqlı inkişaf və resursların səmərəliliyi strategiyaları” mövzularında təqdimatlar nümayiş etdirilib, suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi