Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Rəsmi tərəfdaşı Türkiyənin “Florence Nightingale Healthcare International Group” olan və “Abbott” şirkətinin dəstəyi ilə keçirilən konfransın iştirakçıları öncə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.

Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ceyhun Məmmədov, “Florence Nightingale Healthcare International Group”-un icraçı direktoru Sinan Nazif Aran, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxış ediblər.

Üç paneldən ibarət beynəlxalq elmi konfransda, ümumilikdə 13 məruzə dinlənilib, orqan transplantasiyası sahəsində baş verən müasir çağırışlar, son tədqiqatların nəticələri, o cümlədən inkişaf istiqamətləri müzakirə edilib, bilik və təcrübə mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Dekabr 2024 16:10
195