“Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib
“Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Millli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təqdim edilən kitabın həm tarixi, həm də mədəni baxımdan böyük önəm daşıdığını bildirib. Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyinin, həm hərbi qələbə, həm də ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb.
Daha sonra kitab haqqında hazırlanmış videoçarx təqdim olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov çıxış edərək kitabın ərsəyə gəlməsində və geniş oxucu kütləsinə təqdim olunmasında layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xüsusi rolunu qeyd edib. O, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi və yüksək rəhbərlik bacarığının bu kitabın yaranmasında ilham mənbəyi olduğunu bildirib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva kitabın yazılmasında əməyi keçən hər kəsə təşəkkür edərək, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı əvəzsiz rolunu vurğulayıb. O, kitabın yalnız tarixə maraqlı olanlar üçün deyil, həm də gənclər üçün mühüm dərs və ilham mənbəyi olacağını əminliklə qeyd edib.
Daha sonra tədbirdə çıxış edənlər yeni çap edilən kitabın tarixi əhəmiyyətindən söz açaraq onun müharibə həqiqətlərinin və əldə edilən nailiyyətlərin gələcək nəsillərə düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.