Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilib

Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilib

Yanvarın 16-da Bakı şəhərində Türk  Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilib.

İclasdan əvvəl Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.

Tədbirin ilk günündə gömrük administrasiyalarının ekspertlərinin görüşü keçirilib, iclasın gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası üzv dövlətlər arasında gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, ticarətin asanlaşdırılması və regional təşəbbüslərin irəli sürülməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, gömrük prosedurlarının harmonizasiyası, tranzit marşrutlarının optimallaşdırılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün yeni imkanlar açır və Türk dövlətlərinin birgə iqtisadi potensialının reallaşdırılması və regional inkişafın sürətləndirilməsi məqsədinə xidmət edir.

O da qeyd olunub ki, gömrük işi sahəsində koordinasiyanın gücləndirilməsi, inteqrasiyanın dərinləşdirilməsinə mühüm imkanlar yaradan “Sadələşdirilmiş Gömrük Dəhlizi” layihəsi regionda ticarətin genişlənməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev təmsil etdiyi qurumun gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində görülən işlərdən məmnunluqla bəhs edib, qarşıya qoyulan hədəflərin uğurla icrası baxımından “Sadələşdirilmiş Gömrük Dəhlizi” ilə bağlı sazişin əhəmiyyətini vurğulayıb.

Həmçinin iclasda Türkiyə Respublikası ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak, Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kairat Cumaqulov, Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov, eləcə də Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini xanım Zsuzsa Kecskes, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinin müavini Dmitri Mariyasin, Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin rəhbəri Zurab Sitçinava, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto məruzələrlə çıxış ediblər.

Sonra gündəlikdəki məsələlər - 9-cu iclasda qəbul edilən qərarların icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılıb.

İclasın sonunda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Yanvar 2025 17:18
195