Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yeni risklər və imkanlar mövzusunda seminar keçirilib

Yeni risklər və imkanlar mövzusunda seminar keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Yeni risklər və imkanlar: Sintetik narkotiklər, ticarət əsaslı çirkli pulların yuyulması, məlumatlar bazası, süni intellekt, kriptovalyutalar” mövzusunda seminar keçirilib.
Seminar Dövlət Gömrük Komitəsinin nümayəndələri də daxil olmaqla, ÜGT-nin Avropa Regionundan 150-dən çox gömrük əməkdaşının iştirakı ilə hibrid formatda təşkil edilib.

Tədbirin əsas məqsədi müasir texnologiyalar və gömrük-ticarət əməliyyatlarında yaranan yeni çağırışlar üzrə bilik və təcrübə mübadiləsinin aparılması, gömrük xidmətlərinin yeni risklərə uyğunlaşma qabiliyyətinin artırılması, ticarət əsaslı çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi və kriptovalyutalarla bağlı artan çağırışlara qarşı hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Seminarda regional ofisin direktoru Antonio Lo Parko çıxış edərək seminarın əhəmiyyətindən danışıb, gömrük administrasiyalarının potensialının artırılmasında əməkdaşlığın gücləndirilməsinin vacib rol oynadığını vurğulayıb.

Seminar çərçivəsində kriptovalyutalar, maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması sahəsində beynəlxalq səviyyədə tanınmış ekspert Oleksiy Feşçenko sintetik narkotiklərin beynəlxalq ticarət dinamikasına təsiri, ticarət əsaslı çirkli pulların yuyulması, süni intellektin və məlumatlar bazasının analitik imkanlarının gömrük sistemində tətbiqi, eləcə də kriptovalyutaların beynəlxalq ticarətdə rolu mövzularında təqdimatlar nümayiş etdirib.
Həmçinin kriptovalyutaların qeyri-qanuni dövriyyədə istifadəsi və onların izlənilməsi metodları, süni intellektin gömrük sistemində risklərin idarə edilməsində rolu barədə geniş məlumat verilib.

Seminarın interaktiv hissəsində iştirakçıların sualları cavablandırılıb, mövzulara aid real nümunələr üzərində müzakirələr aparılıb.
 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Fevral 2025 17:41
195