“Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” layihəsi ilə bağlı müzakirələr aparılır
“Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” layihəsi ilə bağlı müzakirələr aparılır
Martın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində icra edilən “CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” (CATS) layihəsinin pilot mərhələsi üzrə texniki işçi qrupunun 5-ci iclası öz işinə başlayıb.
Tədbirdə Azərbaycan, Gürcüstan, Özbəkistan gömrük xidmətlərinin, Asiya İnkişaf Bankının, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndələri və beynəlxalq məsləhətçilər iştirak edirlər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi layihəsinin müzakirəsini mühüm platforma kimi qiymətləndirib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunaraq perspektivləri təhlil edib, layihənin tranzit prosedurlarının sadələşdirilməsi və gömrük nəzarətinin gücləndirilməsi baxımından önəminə diqqət çəkib.
Asiya İnkişaf Bankının Azərbaycandakı Nümayəndəliyinin ölkə üzə direktoru Sunniya Durrani-Camal və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Antonio Lo Parco da çıxışlarında CAREC və CATS layihəsinin pilot mərhələsi üzrə texniki işçi qrupunun iclasının Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə edərək, tədbirin faydalı olacağını vurğulayıblar.
İclas zamanı 2024-cü ilin sentyabrında keçirilmiş CATS/ICE prototip sisteminin sınaqlarının nəticələri, tərtibatçılar tərəfindən həyata keçirilən sözügedən sistemdəki yeniliklər və pilot mərhələnin uğurlu icrası üçün növbəti addımlar müzakirə edilib.
İki gün davam edəcək tədbirdə hər bir üzv ölkənin gömrük orqanlarının nümayəndələri və Asiya İnkişaf Bankının ekspertlərindən ibarət işçi qruplarının ayrı-ayrılıqda iclasları da təşkil olunacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi