Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda paralel tədbir keçirilib

"Təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda paralel tədbir keçirilib

Martın 12-də Avstriya Respublikasının Vyana şəhərində keçirilən BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun başçılıq etdiyi nümayəndə heyəti “Təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi: beynəlxalq nəqliyyat dəhlizlərində narkotiklərin qanunsuz dövriyyəsi və digər qanunsuz fəaliyyətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının rolu” adlı paralel tədbirdə iştirak edib.

Müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların (İnterpol, Avropol, BMTNCİ, ÜGT, MARİƏM və digərləri) nümayəndələrinin, daimi nümayəndəliklərin üzvlərinin və digər səlahiyyətli şəxslərin qatıldığı tədbirin məqsədi qlobal nəqliyyat dəhlizlərində narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərlə mübarizədə hüquq-mühafizə orqanları üçün effektiv strategiyaları və ən yaxşı təcrübələri araşdırmaqdır.

Tədbirdə, həmçinin təchizat zəncirinin təhlükəsizliyini artırmaq məqsədilə beynəlxalq əməkdaşlığın və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi mövzusunda müzakirələr aparılıb. Beynəlxalq təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunmasında qarşıya çıxan yeni çağırışlara toxunmaqla bu tədbir maraqlı tərəflərin əməkdaşlıq etməsi, bilik və təcrübə mübadiləsi aparması və beynəlxalq nəqliyyat dəhlizlərində narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərlə mübarizə aparmaq üçün konkret həll yollarının işlənib hazırlanması üçün platforma rolunu oynayır.

Tədbirdə hüquq-mühafizə orqanları arasında kəşfiyyat məlumatlarının mübadiləsi və beynəlxalq əməkdaşlıq, sərnişin və yük nəzarəti, həmçinin sərhəd təhlükəsizliyi üçün qabaqcıl texnologiyaların tətbiqi, yüksək riskli yüklərin aşkar edilməsi üçün risklərin idarə edilməsi və profil yaradılması üsulları, qanunsuz ticarətin qarşısının alınması və aradan qaldırılması üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, cinayətkar şəbəkələrin dağıdılması üçün hüquqi çərçivələr və transsərhəd əməliyyatlar, onların aşkar edilməsi, araşdırılması və ittiham olunması məsələləri müzakirə edilməklə müvafiq nəticələrə gəlinib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Mart 2025 16:59
195