Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə ekspertlərin görüşü keçirilib
Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə ekspertlərin görüşü keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, “B.Braun” şirkətinin dəstəyi ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibbi xidmət general-mayoru Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalının böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının sayına görə Azərbaycanda lider olduğunu vurğulayıb. O, həmçinin bu sahədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə 2025-ci ildə Mərkəzi Gömrük Hospitalında meyitdən alınmış (kadavr) qaraciyərin uğurla transplantasiya olunduğunu bildirib.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi çıxışında qaraciyər transplantasiyasında anesteziya, əməliyyatdan sonrakı reanimasiya və bərpa proseslərinin əhəmiyyətindən danışıb.
Tədbirin moderatorları görüşün aktuallığını vurğulayaraq Mərkəzi Gömrük Hospitalının qazandığı unikal təcrübənin ölkənin digər klinikalarında tətbiq olunmasının vacibliyini qeyd ediblər.
Tədbirdə “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” və “Orqan nəqli” mövzularında təqdimatlar keçirilib, müzakirələr aparılıb.
Tədbirin yekununda iştirakçılar - ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmaq üçün razılıq ərizə formalarını imzalayıb, tibb ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə və təbliğ etməyə çağırıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi