Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin qeyri-rəsmi iclası keçirilib
Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin qeyri-rəsmi iclası keçirilib
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin qeyri-rəsmi iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İlk olaraq iclasda Macarıstan tərəfindən bu ölkənin Aİ-yə sədrliyi dövründə gömrük sahəsində əldə olunan nailiyyətlər və Avropada regional əməkdaşlıq mexanizmləri ilə bağlı təqdimat nümayiş etdirilib.
Sonra üzv dövlətlərin gömrük xidmətlərinin rəhbərləri regional iqtisadi və gömrük əməkdaşlığı üzrə milli təcrübələri, TDT çərçivəsində genişləndirilmiş əməkdaşlıq üçün potensial sahələr, bilik mübadiləsi və potensialın gücləndirilməsi üçün mümkün təşəbbüslər mövzularında çıxış ediblər.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şərq və Qərb, Şimal və Cənub arasında strateji coğrafi mövqedə yerləşən ölkəmizin vacib tranzit və logistika mərkəzinə çevrildiyini bildirib. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi iri infrastruktur layihələrin həyata keçirilməsi də öz növbəsində Azərbaycanın türk dövlətləri arasında iqtisadi münasibətlərin dərinləşməsindəki rolunu artırıb. Eyni zamanda son dövrlərdə ticarət və tranzit prosedurlarının sadələşdirilməsi, daha əlverişli investisiya mühitinin yaradılması istiqamətində sistemli və ardıcıl səylər barədə məlumat verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi