Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

COP29 çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin ÜGT sənədi kimi qəbul edilməsi təşəbbüsü irəli sürüldü

COP29 çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin ÜGT sənədi kimi qəbul edilməsi təşəbbüsü irəli sürüldü

Xəbər verdiyimiz kimi, Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir.

Konfransda 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 çərçivəsində keçirilmiş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu” adlı yüksək səviyyəli tədbirin Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb.

İclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov “Yaşıl Gömrük” təşəbbüslərinin qlobal gömrük sisteminin strateji inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Bakı Bəyannaməsinin bu sahədə qəbul olunmuş ilk institusional və çoxtərəfli sənəd kimi tarixə düşdüyünü qeyd edib. O, gömrük xidmətlərinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə artan roluna diqqət çəkərək Bakı Bəyannaməsinin bu istiqamətdə gələcək təşəbbüslər üçün strateji əsas və istiqamətverici sənəd ola biləcəyini bildirib.

İclasda çıxış edən ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Norveç Gömrük Xidmətinin rəhbəri Oystein Bormer Bakıda keçirilən tədbiri yüksək qiymətləndirərək bu təşəbbüsün ekoloji dəyərlərin gömrük vasitəsi ilə təşviqi baxımından mühüm addım olduğunu qeyd edib.

Müzakirələr zamanı Avropa İttifaqının nümayəndəsi bütün üzv ölkələr adından, eləcə də Türkiyə, Qazaxıstan, Gürcüstan, Avstriya, Almaniya, Rusiya, Tacikistan, Ukrayna, Belçika və Türkmənistan nümayəndələri öz rəsmi çıxışlarında Bakı Bəyannaməsinə tam dəstək ifadə ediblər.

Qeyd olunub ki, Bakı Bəyannaməsi gömrük orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə rolu, ətraf mühitə zərərli məhsulların dövriyyəsinin məhdudlaşdırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji baxımdan dayanıqlı ticarətin təşviqi kimi əsas prioritetləri əhatə edir.

Sonda, sənədin ÜGT-nin 2025-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyası və Gömrük Əməkdaşlıq Şurasının gündəliyinə daxil edilməsi və ÜGT sənədi kimi rəsmi qəbul olunması ilə bağlı razılığa gəlindi.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Aprel 2025 13:33
195