Futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub
Futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub
Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və gömrük xidmətinin yaradılmasının 33 illiyinə həsr olunan futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub.
Azərbaycan Texniki Universitetinin idman zalında çempionatın yarımfinal və final qarşılaşmaları keçirilib.
3-cü yer uğrunda Dövlət Gömrük Komitəsi aparatının və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları mübarizə aparıblar. Dövlət Gömrük Komitəsi aparatının komandası oyunda qalib gələrək 3-cü yerə layiq görülüb.
Final oyunu isə Astara və Tovuz gömrük idarələrinin komandaları arasında keçirilib. Gərgin keçən oyunda Astara Gömrük İdarəsinin komandası daha inamlı mübarizə apararaq çempionatın qalibi olub.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətindən, bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışıb və bu uğurların Ümummilli Lider Heydər Əliyevin ideyaları, Ulu Öndərin gənc nəslin sağlam böyüməsi məqsədilə həyata keçirdiyi tədbirlər, idmana göstərdiyi qayğı və dəstək əsasında reallaşdığını vurğulayıb. Bildirilib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə mötəbər idman tədbirlərinin təşkil olunması, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanaraq bayrağımızı qürurla dalğalandırmaları dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi