Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və gömrük əməkdaşlarının andiçmə mərasimi keçirilib (FOTO, VİDEO)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və gömrük əməkdaşlarının andiçmə mərasimi keçirilib (FOTO, VİDEO)
Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin kollektivi Fəxri Xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Sonra Dövlət Bayrağı Meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən videoçarxların nümayişindən sonra xidmətə yeni qəbul edilən 113 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mərasimdə çıxış edərək bildirib ki, gömrük əməkdaşlarının andiçmə mərasimi ənənəvi olaraq əlamətdar bir gündə, Ümummilli Lider Heydər Əliyevin doğum günündə keçirilir. Qeyd olunub ki, müstəqil respublikamızda bütün sahələrin, o cümlədən gömrük sisteminin də yenidən qurulması və inkişafı məhz Ulu Öndərin diqqət və qayğısı, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində mümkün olub.
Bildirilib ki, Ümummilli Liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir və gömrük orqanları da daim ölkəmizin tərəqqisinə öz töhfəsini verəcək.
Daha sonra digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim yaşadılacağını bildiriblər.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin iştirakı ilə xüsusi kompozisiya nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi