Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov 15 İyun - Milli Qurtuluş Gününün dövlətçiliyimizin və müstəqilliyimizin qorunub saxlanılması baxımından əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. Bildirilib ki, ölkəmiz üçün tarixi sınaq dövründə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin həyata keçirdiyi uzaqgörən, düşünülmüş və qətiyyətli siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində inkişaf edərək regionun lider dövlətinə, beynəlxalq birliyin etibarlı üzvünə çevrilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov öz çıxışında dövlətinin, xalqının maraqlarını daim hər şeydən üstün tutan, ömrünün hər anını ölkəsinin xoşbəxt, firavan gələcəyinə həsr edən Ümummilli Liderin 15 iyunda yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın davamlı inkişaf dövrünə qədəm qoyduğunu bildirərək vurğulayıb ki, Dahi Rəhbərin dərin zəkası, idarəçilik qabiliyyəti sayəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində mühüm addımlar atıldı və müasir standartlara cavab verən gömrük xidməti yaradıldı.

Diqqətə çatdırılıb ki, gömrük orqanlarının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə Ümummilli Liderin tarixi çıxışı, tapşırıq və tövsiyyələri gömrük xidmətinin gələcək inkişaf konsepsiyasının əsaslarını müəyyənləşdirdi.

Məhz Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla və məntiqi ardıcıllıqla reallaşdırılması nəticəsində işğal altındakı ərazilərimizin azad edildiyi, tarixi ədalətin bərpa olunduğu bildirilib.

O da qeyd olunub ki, Ümummilli Liderin ideyaları daim yaşayacaq və Azərbaycan xalqı Ulu Öndərin xatirəsini hər zaman əziz tutacaq.

Tədbirdə 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Liderin gömrük orqanlarının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdəki tarixi çıxışından bəhs edən videoçarxlar nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 İyun 2025 18:53
195