Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilib

Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilib

Sentyabrın 8-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin XI iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı  Şahin Bağırov iclasda çıxış edərək TDT çərçivəsində birgə fəaliyyətin regional ticarətin asanlaşdırılması, iqtisadi inkişafın sürətləndirilməsi və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində  mühüm rol oynadığını diqqətə çatdırıb. Ötən il  Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X iclasının nəticələri və əhəmiyyətindən bəhs edib.

Daha sonra gündəlikdəki məsələlər-TDT Gömrük İdarələri Rəhbərlərinin X iclasında qəbul edilmiş qərarların icrası, üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin icrasının davam etdirilməsi, eTIR prosedurunun həyata keçirilməsi üzrə Fəaliyyət Planının ("Yol Xəritəsi") reallaşdırılması və digər mövzularda müzakirələr aparılıb. Həmçinin gömrük prosedurlarının rəqəmsallaşdırılması ilə bağlı  bir sıra təqdimatlar nümayiş olunub.

Yekunda Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin 11-ci İclasının Protokolu, “Risklərin idarə olunması sahəsində əməkdaşlıq haqqında gömrük idarələri arasında Anlaşma Memorandumu”, “Gömrük laboratoriyası sahəsində əməkdaşlıq haqqında gömrük idarələri arasında Anlaşma Memorandumu”, eləcə də “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gömrük idarələrinin rəhbərlərinin 1975-ci il Cenevrədə qəbul olunmuş BYD kitabçaları əsasında Beynəlxalq Yük Daşımaları üzrə Gömrük Konvensiyasının 11 saylı əlavəsinin icrası ilə bağlı Birgə Bəyanat” imzalanıb.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin növbəti İclasının 2026-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.

İclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında 2025-2026-cı illəri əhatə edən qarşılıqlı fəaliyyət planı imzalanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Sentyabr 2025 20:58
195